axin.az

SON DƏQİQƏ

“MTN-çilər gizli əməliyyatdan dövlət üçün deyil, öz mənafeləri üçün istifadə edirdilər...” - DTX-nı MTN-dən fərqləndirən “başçı əməliyyatları”

7-05-2020, 13:39

“MTN-çilər gizli əməliyyatdan dövlət üçün deyil, öz mənafeləri üçün istifadə edirdilər...” - DTX-nı MTN-dən fərqləndirən “başçı əməliyyatları”Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son vaxtlar həyata keçirdiyi əməliyyatlar vaxtilə Eldar Mahmudovun başçılıq etdiyi qurumun keçirdiyi əməliyyatlardan keyfiyyətcə fərqlənir. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qara maskalıları sahibkarları, iş adamlarını qandallayırdı, qeyri-rəsmi istintaq edir, başlarına torba keçirib, əmlaklarını, pullarını əllərindən alırdı. Hətta Mahmudovun zabitləri jurnalistlərin yatağına gizli kamera qoyub, onları şantaj edirdi.

2015-ci ildə Eldar Mahmudovun və bandasının ifşasından sonra prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək əvəzində iki qurum - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradıldı. Bu, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq, idarəçilik strukturunu təkmilləşdirmək məqsədilə atılan addımlar idi. İlham Əliyev tərəfindən verilən 14 dekabr 2015-ci il tarixli fərmana əsasən Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradıldı.

Həmin vaxt xüsusi xidmət orqanlarının tarixində yeni eranın, mərhələnin başlanğıcını söyləyənlər yanılmayıb. Bu gün təhlükəsizliyin təmin olunmasında, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından təhlükəsizlik orqanlarının öz fəaliyyətində yeni səviyyəyə qalxması göz önündədir. DTX xəfiyyələri icra başçılarının cinayətlərini faş etmək üçün kabinetlərinə gizli kamera yerləşdirir. Hər kəsin öz rayonunda görmək istədiyi qara maskalılar isə xalqı soyub-talayan məmuru qandallayır, həbs edir və ən əsası bu kadrlar ictimailəşdirilməklə digər məmurların əlini xalqın cibindən çəkməyə tələsdirir.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a Milli Təhlükəsizlik Nazirliyinin də əməliyyat keçirdiyini xatırladaraq deyib: “Dövlət Təhlükəsizliyi Xidməti də əməliyyat keçirir. Fərq ondadır ki, MTN gizli əməliyyatdan dövlət üçün deyil, öz mənafeləri üçün istifadə edib. Gizli kamera yerləşdirib əldə etdikləri məmurun qarşısına qoyub hədələyiblər. Telefon danışıqlarından tutmuş izləmələrə qədər, intim görüntüləri çəkməyə qədər, bütün bunlardan istifadə ediblər. MTN xüsusi xidmət orqanının metod və vasitələrindən yalnız şəxsi mənafeləri üçün istifadə edib. DTX isə həmin metod və vasitələrdən dövlət naminə istifadə edir, işləyir. Fərq budur”.

İlham İsmayıla görə, vaxtilə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı da əsasən şəxsi məqsədlərə çatmağa xidmət edib: “Hacı Məmmədovun çəkilişləri haqda məlumatlar vardı. Hacı Məmmədovun kiminsə evinə aparıb gizli kamera yerləşdirmək imkanı yox səviyyəsində idi. Çünki Hacı Məmmədov killer idi. Onu həbs etməklə öz məqsədlərinə çatmaq istəyirdilər. Bu gün situasiya fərqli, siyasi durum başqadır. İnanmıram ki, o dövrdə bu gün icra başçılarının bu şəkildə həbsi gerçəkləşə bilərdi. Bu gün baş verənləri əsasən siyasi ab-hava diktə edir. İqtisadi sferada gərginlik var və bunun qarşısının alınması üçün addımlar atılmalıdır. Üstəlik, son 1 ildə kifayət qədər ciddi kadr dəyişikliyi olub və bu kadr dəyişikliyinin ardınca uzantılar var. Görünür, bu uzantılardan da can qurtarmaq istəyirlər. Ona görə də bunun yollarından biri kimi əli təmiz olmayan məmurların həbsi seçilib”.

İlham İsmayıl deyir ki, DTX-nın keçirdiyi əməliyyatlar 11 il 3 ay ərzində Eldar Mahmudovun təhlükəsizlik orqanlarının nüfuzuna vurduğu ziyanın aradan qalxmasına da səbəb olur: “Bu cür əməliyyatların DTX-ya tapşırılması, ədalətli işlərin görülməsinə DTX əməliyyatçılarının göndərilməsi təhlükəsizlik orqanının nüfuzunun qalxmasına xidmət edir. Xüsusi xidmət orqanının nüfuzunun qalxması ölkə siyasəti üçün çox vacib məqamdır”.
“Yeni Müsavat”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA