axin.az

SON DƏQİQƏ

İcra başçıları QARA ZOLAQDA... - Proses davam edir...

30-04-2020, 13:23

İcra başçıları QARA ZOLAQDA... - Proses davam edir...Rüşvətxor, qanunsuzluqlara yol verən icra başçılarının həbsi davam edir. Dövlət Təhlükəsizlik Xidməti aprelin 29-da Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İcra başçısı Mahir Quliyevlə birgə müavinləri - birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Cəmil oğlu Həsənov, müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanıblar.

Bundan 2 gün əvvəl isə İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib. Yayılan rəsmi məlumatda Məhərrəm Əhmədovun həbsinə səbəb kimi onun kasıblara dövlət tərəfindən ayrılmış ərzaqların mənimsəməsinə dair əsaslı şübhələr olduğu qeyd olunub. İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, M.Əhmədov şübhəli şəxs qismində tutulub.

Məhərrəm Əhmədovun həbsindən 1 həftə əvvəl İsmayıllının icra başçısı Nahid Bağırova prezident İlham Əliyev töhmət elan edilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb isə başçının Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozması olub. 2020-ci ilin martında isə Qaradağın icra başçısı Süleyman Mikayılov töhmət almışdı.

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirədə qeyd olunmuşdu ki, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu 2 rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş icra olunmuş və qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb. Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib.

Məmurlara bu cür tələbkarlıq, onlara töhmət verilməsi, yeri gələndə həbsə alınmaları əhali arasında rəğbətlə qarşılanır.

Prezident İlham Əliyev çıxışlarında daim məmurlara xalqa xidmət etməli olduqlarını xüsusi vurğulayır.

Sitat: “Mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. O cümlədən vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil. Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə, ondan pul tələb edirlər. İndi son vaxtların tədbirləri bunu göstərdi. Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar. Bu, əslində, dövlətə, dövlət siyasətinə edilən xəyanətdir. Eyni zamanda, belə dəhşətli faktlar aşkarlanır ki, adam vallah heç bilmir nə fikirləşsin”...

Deputat Fazil Mustafa musavat.com-un canlı efirində deyib ki, 5-6 il əvvəl təhlükəsizlik orqanlarının əməkdaşları sahibkarı həbs edirdisə, hazırda vəziyyət kardinal olaraq dəyişib: “Bu gün Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlaırnın kçeirdiyi əməliyyatlarda əsasən vəzifəli şəxslərin həbsindən söhbət gedir. Bu müsbət tendensiyadır. Cənab Əli Nağıyevin təyinatından sonra DTX öz funksional istiqamətinə qayıdıb. Daha çox əhalini narahat edən problemlərlə bağlı fəaliyyət göstərməyə üstünlük verir. Bu keyfiyyət dəyişikliyidir. Biləsuvar rayonunda baş verənlər bundan əvvəl digər rayonlarda baş verənlərin təkrarıdır. Karantin rejimində yardımların mənimsənilməsindən böyük rəzalət yoxdur”.

Fazil Mustafa təsərrüfatla məşğul olan şəxslərə icra hakimiyyəti başçılarının süni problemlər yaratmasından danışıb. Deyib ki, məmurların, bütün vəzifəli şəxslərin gəlir deklorasiyası verməsi vacibdir. Deputat rayon məhkəmələrinin icra başçılaı ilə bağlı qanuni tədbir görməli olduğunu da vurğulayıb.

Baş verənlər, gerçəkləşən həbslər onu deməyə əsasə verir ki, məmurların qanunazidd hərəkətlərinə qarşı addımlar səngiməməlidir. İsmayıllının icra nümayəndəsi Məhərrəm Əhmədovun həbsdən sonra belə fikir formalaşmışdı ki, icra başçılarının həbsi səngiyib, daha aşağı ranqlı məmurların istintaqa cəlb olunması mərhələsi başlayıb. Lakin DTX xüsusi təyinatlı dəstələrinin Biləsuvar İcra Hakimiyyətində əməliyyat keçirmələri göstərdi ki, icra başçılarına, dövlət siyasətinə xəyanət edən məmurlara qarşı qətiyyətli addımlar atılmaqda davam edəcək.

Xatırladaq ki, 2 ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi həbs edib.

Bu əməliyyatdan əvvəl - 2019-cu ilin dekabrın 19-da DTX-nın keçirdiyi əməliyyatla Ağstafanın icra başçısı Nizaməddin Quliyev saxlanılıb. Səbail rayon Məhkəməsinin qərarı ilə N.Quliyev barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib.

Daha sonra isə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısının müavini Ramiz Tatarov barəsində təqdimata da baxılıb və onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib. DTX-nin yaydığı məlumatda bildirilirdi ki, N.Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

Belə ki, N.Quliyevin rayon icra hakimiyyəti başçısının müavini R.Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. N.Quliyevin, müavini R.Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən olunub.

İcra başçısının səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması bildirilirdi. Həmçinin, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələrin olduğu qeyd edilirdi.

N.Quliyev və R.Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Nizaməddin Quliyevlə Ramiz Tatarov həbs olunan saatlarda DTX xüsusi təyinatlıları Yevlax Şəhər İcra Hakimiyyətində icra başçısı Qoca Səmədovu da qandallamışdılar. 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236 min manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib...

Beləliklə, ötən 5 ay ərzində prezident İlham Əliyevin sərt çıxışları fonunda 4 icra başçısı həbs olunub, 10 yaxın məmur qandallanıb, 2 icra başçısı isə töhmətlə canını qurtara bilib. Bütün bu tədbirlər vətəndaşların dövlət qurumlarına inam və etibarını artırır, hüquq mühafizə orqanlarının qətiyyətli addımları əhali tərəfindən rəğbətlə qarşılanır.
“Yeni Müsavat”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA