axin.az

SON DƏQİQƏ

Məmurların “tamah dişi”ni çəkmək lazımdır... - REAKSİYA

30-04-2020, 12:21

Məmurların “tamah dişi”ni çəkmək lazımdır... - REAKSİYA- Müəllim, bu gün bomba partladım?

Azər İsrafilov Azərbaycanda kriminal mövzuda yazan ən yaxşı jurnalistlərdən biri olduğu üçün mən onun sözlərinin səmimiliyinə şübhə etmirəm. Azərin nəzərində bomba partlatmaq hansısa məmurun həbsiylə bağlı xəbər yazmaqdır. Son vaxtlar bu elə də çətin iş sayılmır. Hüquq-mühafizə orqanları rüşvətxor, korrupsioner məmurları bir-birinin ardınca qulaqlayıb dama basdığı üçün hər gün yazmağa xəbər, danışmağa mövzu var.

Jurnalistikadan uzaq olan oxucularımıza izahat verməyi özümə borc bilirəm: müxbirlərin öz “jarqon”u var. Onların nəzərində yaxşı oxunan xəbər bombadır. Buna görə də hər bir müxbir bomba partlatmaq arzusuyla yaşayır. Hansısa yüksək rütbəli məmurun həbsinə dair xəbər bomba sayılır. Onu yazan müxbir redaksiyada özünü düşmənin ağır texnikasını və canlı qüvvəsini məhv edən əsgər kimi təkəbbürlü aparır...

Hansısa vəzifəli şəxsin həbsinə dair xəbərlər niyə bu qədər maraqla qarşılanır? Yazının canı bu sualın cavabındadır. Acı da olsa, bu bir həqiqətdir ki, Azərbaycan cəmiyyəti məmur ordusuna nifrət üzərində köklənib. Hansısa səlahiyyətli şəxsin həbsi ölkədə toy-bayrama çevrilir. Zəli kimi insanların qanını soran hansısa məmur tutulanda ölkə nehrə kimi çalxalanır. Belələri isə bir deyil, beş deyil...

Qəribə vəziyyət yaranıb; kimə vəzifə verirlərsə, tamahına güc verir. Anadoluda bir məsəl var, 25 il əvvəl Türkiyədə oxuyanda eşitmişəm. Türk qardaşlarımız deyirlər ki, dövlətin malı dəniz, yeməyən donuz. Görünür, heç kim donuz olmaq istəmədiyi üçün Azərbaycanda dövlətin malını yemək uğrunda amansız yarış gedir...

Qara maskalı oğlanın qandalladığı məmurların adı ətrafında ajiotaj yarandığı üçün xalq onları daha yaxşı tanıyır. Amma bu ölkədə DTX-nın həbs etdiyi məmurlardan başqa saxlanılanlar da var. Gündə bir-ikisini də “Bandotdel” qulaqalyır. Onların arasında “JEK” müdirləri, şöbə müdirləri, hansısa qaz, su, işıq idarələrinin müdirləri az deyil. Əməkdaşımız Azər İsrafilov “müəllim, bu gün bomba partladım?” deyəndə, həmin adamları nəzərdə tutur.

Öz qulağımla eşitdim, Əməkdar artist Mətanət İsgəndərli ötən həftə canı efirdə “Azərbaycanda suya batırıb yeməyə quru çörək tapmayan adamlar var” dedi. Kamil Zeynallının yardım etdiyi adamların çoxu ətin üzünü axırıncı dəfə 3 il əvvəl görüblər. Bu ölkədə ayaqqabısı olmadığı üçün məktəbə getməyən yüzlərlə uşaq var. İnsanlar bunun günahını onları idarə edən adamlarda görürlər. Məmurlar zavallı insanları özünə Nurlu soyadı götürən falçı Bayramın ümidinə qoyduqları üçün onların həbsi əsl bayarama çevrilir...

Vəziyyətdən çıxış yolu varmı? Ağlıma bir fikir gəlib: təklif edirəm ki, vəzifəyə təyin olunan adamların tamah dişi çəkilsin. Əgər onların tamah dişi çəkilməsə, biz hələ çox əziyyət çəkəcəyik...
Seymur Verdizadə //yenisabah.az//


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA