Koronavirus pandemiyası və neftin qiymətinin kəskin düşməsi Azərbaycanın 3 yaxın qonşusunda iqtisadi çətinliklər yaradır.
Musavat.com xəbər verir ki, söhbət xarici ticarətdə əsas tərəfdaşlarımız olan Rusiya, Türkiyə və Gürcüstandan gedir.
İqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, 2019-cu ildə idxalımızın 30 faizi, qeyri-neft ixracımızın 60 faizi bu 3 ölkənin payına düşüb: “Hətta hökumətin müntəzəm xarakter daşımayan monetar qızıl idxalını nəzərə almasaq ümumi idxalımızın 40 faizinə qədəri bu 3 ölkə tərəfindən təmin edilir.
Rusiyada neftin qiymətinin kəskin ucuzlaşmasının ölkədə iqtisadi artımı tam dayandırması gözləntisi var. Kudrin Federasiya Şurasına 3 gün öncəki təqimatında bu fikri səsləndirib.
Səbəb aydındır: 2019-cu ildə cari hesablar balansı çərçivəsində ölkəyə daxil olan xarici valyuta kütləsinin tam 60 faizi neft-qaz sektorunun payına düşüb.
Büdcənin də asılılığı 50 faizdən yüksəkdir. Bir tərəfdən də rublun ucuzlaşması idxal hesabına inflyasiyanı sürtələndirməklə ölkədə ciddi bahalanma yaradır”.
İqtisadçı-ekspert Rövşən Ağayev ile ilgili görsel sonucu
İqtisadçı-ekspert Rövşən Ağayev
Ekspertə görə, Türkiyə və Gürcüstanın əsas narahatlığı turzim sektorunun üzləşdiyi vəziyyətdir: “Xarici turizm axınlarının kəskin azalması hər iki ölkənin onsuz da son 2 ildə həssas olan milli valyutalarının kəskin dəyər itirməsi riskini artırır.
Hər iki ölkənin cari hesablar balansında, eləcə də bütövlükdə tədiyə balansında tarazlığın təmin edilməsi bilavasitə xidmət ixracına, özəlliklə turizmə bağlıdır.
Gürcüstanda ümumiyyətlə vəziyyət gərgindir. Xidmət ixracı əmtəə ixracını üstələyir. Xarici sektordan ölkənin əldə etdiyi gəlirlərin 40 faizini xidmət sektoru təmin edir ki, burda da turizm həlledicidir. Xidmət sektorunda yaranan 2 milyard dollardan çox müsbət saldo cari hesablar balansında yaranan təxminən 3-3.5 milyard kəsiri əhəmiyyətli dərəcədə azaltmağa, çox da böyük olmayan bu defisiti ölkəyə kapital axını hesabına örtməyi daha əlverişli edir. Yaranmış vəziyyətdə isə turizm gəlirləri elə kəskin şəkildə azala bilər ki, kapital axınları tədiyə balansını tənzmimləməyə yetərli olmaya və gürcü larisi daha çox dəyər itkisinə məruz qala bilər. Gürcü hökuməti artıq hərəkətə keçib - turizm şirkətləri gəlir və əmlak vergisindən azad olundular.
Türkiyədə son 15 ildə ilk dəfə 2019-cu ildə cari hesablar balansında profisit qeydə alınıb və bunun səbəbi məhz xidmət sektodurur. Belə ki, ötən il xidmət sektoru nəzərə alınmazsa, cari hesablarda 28 milyard dollara yaxın defisit olub. Lakin xidmət seqmentində yaranan 36 milyard dollar profisit nəinki cari hesablar balansında 8 milyard müsbət saldo yaradıb, ümumilikdə tədiyyə balansının profisitli olması 2013-cü ildən sonra ilk dəfə Mərkəzi Banka öz ehtiyatlarını artırmağa imkan yaradıb. Türkiyənin xarici iqtisadi fəaliyyətdən əldə elədiyi gəlirlərin tam 35 faizi xidmət sektorunundur.
Artlq son günlər lirə dəyər itirməklə baş verənlərə reaksiyasını göstərir”.
R.Ağayev hesab edir ki, aparıcı ticarət tərəfdaşlarımızda iqtisadi fəallığın azalması, makroiqitsadi volatilliyin artması xarici ticarətin də kiçilməsindən yan ötməyəcək: “Bu baxımdan, bizim üçün narahatlıq yalnız neft gəlirlərinin deyil, eyni zamanda onsuz da kiçik olan qeyri-neft ixracının da həcminə təsirsiz ötüşməyə bilər”.
DÜNYA,