Rusiya prezidenti Vladimir Putin az əvvəl Dövlət Dumasında çıxış edərək Konstitusiyaya təklif edilən düzəlişlərə münasibət bildirib. O, sentyabrın 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə təklifi dəstəkləməyib, bunu siyasi partiyalar arasında konsensusun olmaması ilə əsaslandırıb. Putin habelə bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulmuş məhdudiyyətin qaldırılması təklifini də dəstəkləməyib. Bildirib ki, gələcəkdə hakimiyyət dəyişikliyinə şərait yaratmaq üçün bu məhdudiyyət qalmalıdır. Lakin Putin deputat-kosmonavt Valentina Tereşkovanın konstitusiyada prezidentlik müddətinin "sıfırlanması", yəni düzəlişlərin qüvvəyə minməsindən sonra indiki prezidentin də yenidən namizədliyini irəli sürməsi imkanının yaradılması (bu isə o deməkdir ki, Putin 2024-cü ildən sonra yenidən iki müddət, yəni 14 il prezident ola biləcək) təklifinin əleyhinə çıxmayıb. Deyib ki, bu məsələyə ancaq Konstitusiyaya Məhkəməsi indiki düzəlişləri nəzərdən keçirib qərar verməlidir. Konstitusiya Məhkəməsinin də həmin variantı dəstəkləməsi şübhə doğurmadığından Putin nəzəri olaraq 2038-ci ilə qədər Rusiyanı idarə edə bilər.
***
Bu gün Rusiya Dövlət Dumasında dünyanın ilk qadın kosmonavtı, deputat Valentina Tereşkova prezident Vladimir Putinin ömürlük prezident olmasının yolunu açan düzəliş təklif edib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Tereşkova Konstitusiyaya təklif edilən düzəlişlər paketinin müzakirəsi zamanı ya indiki prezidentə yeni konstitusiya əsasında yenidən prezident seçilmək imkanı yaradılmasını, ya da prezidentlik müddəti üçün qoyulan məhdudiyyətin “sıfırlanmasını” təklif edib.
İndiki Konstitusiyaya görə Rusiyada bir şəxsin dalbadal iki dəfədən çox prezident olmasına yol verilmir. Lakin arada fasilə olsa bir şəxs üçüncü və dördüncü dəfə də prezident ola bilər.
Kosmonavt Tereşkova öz təklifini “dünyadakı yüksək dinamika ilə uzlaşmaq” niyyəti ilə əsaslandırıb. O deyib ki, prezidentlik müddətinin “sıfırlanması” ideyası siyasi kuluarlarda müzakirə olunur. Lakin bu məsələ haqda açıq danışmaq və müzakirəyə çıxarmaq lazımdır.
Qeyd edək ki, Putin Konstitusiyaya düzəlişlər təklif edəndə analitiklər onun 2024-cü ildən sonra hansı formada hakimiyyətdə qalacağını təxmin etməyə çalışırdılar. Əsas versiyalardan biri bu idi ki, Putin prezidentlik müddəti başa çatandan sonra Dövlət Şurasına rəhbərlik edə bilər. Çünki indiki düzəlişlərdə Dövlət Şurasına hakimiyyət strukturu səlahiyyəti verilməsi nəzərdə tutulur. Lakin bu günlərdə Kreml Putinin Dövlət Şurasının sədri olmayacağını açıqladı.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Tereşkovanın təklifi ilə bağlı bildirib ki, Putinin növbəti dəfə seçkilərə qatılmasına yol açan düzəlişlərlə bağlı əvvəlcə onun özü ilə müzakirə etmək lazımdır. Bu arada Kreml Putinin Dövlət Dumasında çıxış edəcəyini açıqlayıb. Onun çıxışı bu dəqiqələrdə başlamalı idi.
Hakim “Vahid Rusiya” partiyasının fraksiya rəhbəri Sergey Neverov isə deyib ki, partiya prezidentlik müddətinin “sıfırlanması” təklifini müdafiə edir. Hakim partiya Dövlət Dumasında üçdə iki səs çoxluğuna malikdir və Konstitusiyaya istənilən düzəlişin qəbul edilməsini təmin edə bilər.