axin.az

SON DƏQİQƏ

Səhiyyə müəssisələrinin dəyişməyən tender "ssenarisi" – FOTOFAKT

13-05-2020, 16:13

Səhiyyə müəssisələrinin dəyişməyən tender "ssenarisi" – FOTOFAKT
Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 21 100 manat olan tender müsabiqəsinin qalibləri “Cons Trade 1001” MMC, “Gelten Business Group” MMC və “ACC Qrup” MMC şirkətləri olub.
Respublika Narkoloji Mərkəzi “Təsərrüfat mallarının alınması” üçün “Cons Trade 1001” MMC -yə 10 000 manat, “Müxtəlif mal, iş və xidmətlərin alınması” üçün “Gelten Business Group” MMC -yə 5 500 manat, “Dəftərxana mallarının alınması” üçün “ACC Qrup” MMC-yə 5 600 manat ödəyəcək.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, hər 3 şirkət cəmi 5 ay əvvəl eyni gündə - 21.11.2019-cu il tarixlərində dövlət qeydiyyatına alınıblar. Eyni gündə qeydə alınan 3 şirkətdən 2-nin hüquqi ünvanı və qanuni təmsilçisi eynidir. “ACC Qrup” MMC ilə “Gelten Business Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 131 göstərilib. Hər iki şirkətin qanuni təmsilçisi eyni ad və soyadı daşıyırlar – Məcidov Qasım Mehdi oğlu.
Gördüyünüz kimi, eyni tarixlərdə dövlət qeydiyyatına alınan şirkətlər çox qısa müddətdən (5 ay) sonra eyni müəssisənin keçirdiyi tender müsabiqəsində qalib gəlirlər.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 5 ay əvvəl qeydiyyata alınan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Onu da qeyd edək ki, bu cür vəziyyət səhiyyə müəssisələri tərəfindən keçirilən tenderlərdə qeydə alınan ilk hal deyil.
Ötən ilin sentyabr ayında Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən keçirilən müsabiqənin də 3 qalibi olub. Müsabiqənin qalibi “Brett-Gruop” MMC, “Azola.az” MMC və “Valmart-MK” MMC olub. Bu şirkətlərin 2-nin - "Brett-Gruop" MMC və "Valmart-MK" MMC-nin hüquqi ünvanı, qanuni təmsilçisi, nizamnamə kapitalı və qeydiyyat tarixləri üst-üstə düşür.
Hər iki şirkət cəmi 4 ay əvvəl - 21 may 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətlərin hüquqi ünvanı kimi Nərimanov rayonu, Bakı ət kombinatı, ev 3 B göstərilir. Hər iki şirkətin qanuni təmsilçisi Məmmədov Kamal Fərman oğludur.
Kotirovka sorğusunun qalibi olan 3-cü şirkətin "Azola.az" MMC-nin hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olsa da, bu şirkət də cəmi 4 ay əvvəl - 23 may 2019-cu il tarixində qeydə alınıb.
Başqa bir səhiyyə müəssisəsi - Respublika Sanitariya-Karantin Müfəttişliyi də bu cür müəmmalı tender müsabiqəsinə imza atıb. Sanitariya-Karantin Müfəttişliyinin ötən ilin sentyabr ayında keçirdiyi müsabiqənin qalibi "Local Tech" MMC olub. "Local Tech" MMC 10.11.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şirvan şəhəri, Hacı Qəhrəmanlı ŞTQ olaraq qeyd olunan şirkətin qanuni təmsilçisi Hüseynova Gülçöhrə Xanhüseyn qızıdır. Bu şəxsin adına olan başqa bir şirkət "Medikeyt" MMC adlanır. "Local Tech" MMC ilə təxminən eyni tarixdə - 01.11.2017-ci ildə dövlət qeydiyyatına alınan "Medikeyt" MMC-nin hüquqi ünvanı Neftçala rayonu, Hacıyev, ev 9 göstərilib. Hüseynova Gülçöhrə Xanhüseyn qızının qanuni təmsilçi olduğu bu şirkət Sanitariya-Karantin Müfəttişliyinin tender müsabiqəsinin qalibi olub. Sanitariya-Karantin Müfəttişliyi eyni tarixdə bənzər ünvanda - Neftçala rayonu, Hacıyev, ev 13 -də qeydiyyatda olan "Xəzər FD" MMC ilə də müqavilə imzalayıb.
Adları qeyd olunan şirkətlərdən heç biri barədə açıq internet resurlarda hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Onların nə veb-səhifəsi, nə sosial şəbəkə hesabları mövcud deyil. Bu şirkətlər ictimaiyyət üçün tamamilə qapalıdır.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən ilin sentyabr ayında həyata keçirilən tender “ssenarisi” bu ilin aprel ayında olduğu kimi təkrarlanıb.


Səhiyyə müəssisələrinin dəyişməyən tender "ssenarisi" – FOTOFAKT
Səhiyyə müəssisələrinin dəyişməyən tender "ssenarisi" – FOTOFAKT
Səhiyyə müəssisələrinin dəyişməyən tender "ssenarisi" – FOTOFAKT


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA