Tovuzda itkin düşən və qətlə yetirilərək yandırılan Nərmin Quliyevanınn ölümü ölkə gündəmini zəbt edib.
10 yaşlı qıza verilən işgəncə, qətl və sonda yandırılması, hadisənin hansı səbəbdən və kim (kimlər) tərəfindən törədilməsi fərqli müzakirələr yaradır. Məlumat üçün bildirək ki, noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının ölümünün səbəbi və vaxtı müəyyən edilib. Araşdırmalar zamanı Nərmin Quliyevanın 5 gün əvvəl öldüyü məlum olub. Ehtimallara görə, qızın ölümünə səbəb onun başından küt alətlə vurulması olub. Nərmin bu müddət ərzində zirzəmidə işgəncə edilərək saxlanılıb. O da ehtimal edilir ki, qızın meyitini polietilen torbaya bükülmüş halda arabada gətiriblər və kənd ərazisində boş dahədə yandırılıb. Qızın meyiti qurşaqdan aşağı yanmış olub. Hadisədə təcavüz ehtimalının olduğu da bildirilir.
Bu halda xüsusi amanlıq və qəddarlıqla qətlə yetirilmiş azyaşlının qatilini hansı cəza gözləyir?
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, istintaq və məhkəmə araşdırması qeyd olunan cinayət faktlarını sübut edərsə, qatilə ömürlük həbs cəzası verilə bilər:
“Qızcığazın sağlığında və ya öldürülməsindən sonra yandırılması faktı da hələ məlum deyil. Ekspertiza rəyləri hələ açıqlanmayıb və hesab edirəm ki, istintaq sirri olaraq elə məxfi də saxlanılacaq. Artıq məlumdur ki, Nərmin 40 gün haradasa saxlanılıb. Dərhal öldürülüb, ya hansısa məqsəddən ötrü girov kimi saxlanılıb, bunun hamısını istintaq biləcək. İstənilən halda azyaşlı uşağın, köməksiz vəziyyətdə olan qız uşağının o müddətdə saxlanılması, öldürülməsi və yandırılması çox ağır cinayətdir. Cinayət Məcəlləsinin 120-ci maddəsinin bir neçə bəndinə düşəcək. 10 yaşlı uşağın qapalı şəraitdə saxlanmasının özü belə işgəncədir. Hətta ona fiziki zor tətbiq etməyib, suyunu, qidasını versələr belə. Məhkəmə yəqin ki, digər zorakılıq hərəkətləri, amilləri olmasa belə, bunu işgəncə kimi qəbul edəcək. Qatilə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər”.
Vəkil əlavə edib ki, cinayətkarlar bir deyil, bir neçə nəfərdirsə, o halda ağırlaşdırılmış maddə ilə cinayət işi açıla bilər:
“Ola bilsin ki, icraçı bir nəfər olub, qalanları köməkçisi olub. Onların da oynadığı rola görə ağır cəza tətbiq edilə bilər. Amma cinayətdə köməkçi olanların az da olsa rolu olubsa, onları 15 ildən 25 ilədək həbs cəzası gözləyir. İcraçının özünə isə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər”.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.