axin.az

SON DƏQİQƏ

YAP Əli İnsanovun partiyasını təşkilatlandırmasından narahat deyil - deputatdan açıqlama

2-07-2020, 13:50

YAP Əli İnsanovun partiyasını təşkilatlandırmasından narahat deyil - deputatdan açıqlama
2019-cu ilin martında prezident İlham Əliyevin əfv sərəncamı ilə 14 illik həbsdən sonra azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov yaratdığı partiyanı təşkilatlandırır. Əli İnsanovun ötən ilin noyabrında yaratdığı Haqq Ədalət Partiyasına son vaxtlar cəmiyyətdə tanınan bəzi simaların daxil olması müşahidə edilir. Diqqəti cəlb edən məqamlardan biri də sabiq nazirin partiyasına uzun illər onun sərt münasibət bəslədiyi Əbülfəz Elçibəy komandasında olmuş adamların da qoşulmasıdır. Bir zamanlar düşmən olanlar indi bir partiyada toplaşırlar.

Əli İnsanovun ətrafına hakimiyyətdən narazı olan böyük bir siyasi kütlə - güc toplamağı qarşısına ilkin hədəf kimi qoyduğu deyilir. Onun partiyasını ölkə boyu təşkilatlandırmaq, böyük güclə meydana çıxmaq planlarının olduğu da yayılan xəbərlər sırasındadır. İlk vaxtlar daha çox regional amilə üstünlük verən və bu səbəbdən ətrafına əsasən Qərbi Azərbaycandan olan həmyerlilərini cəmləməyə çalışan Əli İnsanovun bu taktikasının ciddi effekt vermədiyini dərk etdiyi və hətta bunu yaxın çevrəsi ilə söhbətdə dilə gətirdiyi deyilir. Ona görə də təşkilatlanmanın bütün təbəqələri və regionları əhatə etməsinə nail olmaq qərarına gəlib. Son günlər mediada dolaşan başqa bir xəbərdə isə bildirilir ki, Əli İnsanova bu işdə gizli dəstək verənlər də var. Gizli dəstəkçilərin son bir neçə ildə hakimiyyətdə yüksək vəzifələrini itirən və ciddi maliyyə resurslarına malik olan fiqurlar olduğu iddia olunur.

Bəs Əli İnsanovun çevrəsinə toplaşmalar, təşkilatlanmalar hakimiyyət düşərgəsini narahat edirmi?
Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Qaradağ Rayon Təşkilatının sədri, deputat Aydın Hüseynov bildirdi ki, əvvəla, təmsil olunduğu partiyanın xalq arasında nüfuzu Azərbaycanda heç bir başqa siyasi partiyanın gücü ilə müqayisə edilməyəcək həddə yüksəkdir: “Azərbaycan prezidentinə, birinci vitse-prezidentə xalqın sarsılmaz etimadı, inamı, sevgisi var. Bütün bunları ölkədə keçirilən bütün seçkilər də əyani şəkildə ortaya qoyub. Belə bir reallıq ortada olduğu bir zamanda hakimiyyət düşərgəsi, hakim partiya ölkədə hansısa bir siyasi təşkilatın olmasından narahat deyil. Üstəlik, nəzərə alınsa ki, sizin sualınızda adı keçən şəxsin ölkə ictimaiyyəti arasında nüfuzu, ona etimad yoxdur onda hansı narahatlıqdan söhbət gedə bilər?! Cəmiyyət Əli İnsanovun bir neçə bəyanatını soyuq və biganə qarşıladığı kimi, yaratdığını elan etdiyi partiyaya da laqeyd münasibətini ilk vaxtdanca ortaya qoyub. O, sosial bazadan tam məhrumdur. Onun partiya yaratması ilə əlaqədar diqqəti çəkən yalnız ad olmuşdu. Daha doğrusu, adın və mahiyyətin dərin təzadı diqqət çəkmişdi. Hələ o zaman da bizim partiyanın rəhbərliyi bildirmişdi ki, Əli İnsanov hara, haqq-ədalət hara. 6 aydan artıq bir zaman keçməsinə baxmayaraq həmin partiya özünə heç bir ictimai dəstək qazana bilməyib. Bundan sonra da qazanası deyil. Azərbaycan xalqı qisasçılıq hissi ilə siyasi fəaliyyət göstərən heç kimə dəstək vermir. Əli İnsanova şəxsi maraqlarına görə barmaqla sayıla biləcək sayda adamlar qoşulursa, bu, hələ partiya, siyasi güc olmaq demək deyil. Hələlik məlum olan odur ki, əsasən özünə məşğuliyyət tapa bilməyən, şəxsi maraqlarını güdən bir neçə adam onun yanına gedib gəlir”.
“Yeni Müsavat”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA