axin.az

SON DƏQİQƏ

Deputat məmurları DTX-nin əməliyyatlarından ibrət götürməyə çağırdı

12-05-2020, 17:40

Deputat məmurları DTX-nin əməliyyatlarından ibrət götürməyə çağırdıMilli Məclisin deputatı Rüfət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yüksək vəzifəli məmurlara qarşı keçirdiyi korrupsiya əməliyyatlarına münasibət bildirib.

R.Quliyev Axin.az-a açıqlamasında deyib ki, bir çox ölkədə dəyişikliklər gedir və bu, dialektik bir prosesdir.

“Proses tələb edir ki, iqtisadiyyatda, qanunvericilik sahəsində islahatlar aparılırsa, bu, kadr siyasətində, idarəetmədə də həyata keçirilməlidir. Kəmiyyətin keyfiyyətə keçidi üçün islahatların kompleks xarakter alması vacibdir”, - deyə R.Quliyev əlavə edib.

Millət vəkili bildirib ki, Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir:

“Bu islahatların tərkib hissəsi kadr təyinatları ilə bağlıdır. 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra kadr islahatları daha da geniş vüsət aldı. Prezident İlham Əliyev dəfələrlə məmurlara tapşırıq verib ki, vətəndaşlarla ünsiyyət qursunlar, onların maraqlarına xidmət etsinlər”.

R.Quliyevin sözlərinə görə, bəzi məmurlar vətəndaşların problemləri ilə maraqlanmır və şəxsi mənafelərini ön plana çıxarırlar.

Parlament üzvünün fikrincə, DTX-nin korrupsioner məmurlara qarşı əməliyyatlar keçirməsi normal prosesdir.

“Bu proses davam edəcək, daha da genişmiqyaslı olacaq”, - deyən R.Quliyev əlavə edib ki, DTX-nin əməliyyatları digər məmurlara da dərsdir.

Deputat məmurlara çağırış da edib:

“Digər məmurlar da bu dərsdən ibrət almalıdır. Onlar bilməlidirlər ki, bu proses davam edir, dayanmır. Məmurlar başa düşməlidirlər ki, artıq geriyə yol yoxdur. Onlara çağırışım budur ki, vətəndaşlara daha çox qayğı göstərsinlər, onların problemlərinin həllinə çalışsınlar. Məmurlar gələcəyi düşünməlidirlər ki, bir neçə il sonra insanlar onları yaxşı xatırlasınlar”.

Qeyd edək ki, son bir neçə gündə DTX-nin əməliyyatları ilə Biləsuvar və İmişlinin icra başçıları (Mahir Quliyev və Vilyam Hacıyev) saxlanılıblar.

Prezident İlham Əliyevin sərəncamları ilə M.Quliyev və V.Hacıyev vəzifələrindən azad olunublar.

Bununla yanaşı, mayın 8-də DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıblar.

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamlarla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, məhkəmənin qərarı ilə M.Quliyev, V.Hacıyev, R.Bayramov və Z.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA