“Azərbaycan İkinci Dünya Müharibəsinə iki əsas cəhətlə - təchizat və insan qüvvəsi ilə qoşulub”.
Axin.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, 1992-ci ildə AXC-Müsavat koalisiyası hakimiyyətə gələndə İkinci Dünya Müharibəsində iştirak edən azərbaycanlıların üstündən xətt çəkdi:
“9 Mayı ləğv etmək ərazilərimizin işğalının əsasını qoydu. Bizim qəhrəmancasına vuruşan ata-babalarımızı vətən xaini adlandırmaqla torpaqlarımızın işğal olunmasına şərait yaratdılar. Hər kəs bilirdi ki, onun ailəsində, nəslində döyüşən insanlar var. Amma onların özlərinin babaları, nəsil-nəcabəti fərari idi”.
Deputat bildirib ki, AXC-Müsavat nümayəndələri özləri kimi fərarilərin adlarını ortaya çıxara bilmirdilər.
“O baxımdan da 9 Mayı ləğv edib, vətən xaini adlandırdılar. İstər Əfqanıstan, istərsə də II Dünya müharibəsində iştirak edənləri... Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı. Bu gün o insanlarımız da bilirlər ki, vətən o insanların arxasındadır”.