Aqşin Yenisey yazır...
Mədəniyət tarixində bəsirət gözü qədər müzakirələrə səbəb olan başqa bir tək göz də var. Qədim misirlilərin “vicdanın gözü”, yaxud “hər şeyi görən göz” dedikləri, oxucularımızın daha çox bir dollarlıq ABŞ əskinasının üzərində yarımçıq piramidanın təpəsində gördüyü tanrı Horusun gözü.
Azərbaycanda, o cümlədən Asiyada hər evdə bu cür “hər şeyi görən tanrı gözü”ndən onlarla var. İnsan nəzarətdə olmağı sevir; dəxli yoxdur, istər inzibati nəzarət olsun, istərsə də ilahi. Nəzarətdə olması ona özünün dəyərli olduğu hissini verir. Dəliliyin özü belə bəzən diqqət çəkmək, ətrafın nəzarəti altında olmaq ehtiyacından doğur. Bəzi dəlilərdə məşhur tarixi şəxsiyyətlərə çevrilmə prosesi də bu ehtiyacın nəticəsidir.
Yazılarımızın birində bəsirət gözünün heç də mifologiyada deyildiyi kimi, metafizik aləmə baxan bir “durbin” olmadığını, sadəcə, insan beynindəki epifiz vəzisinə verilən, antik yanaşmalardan irəli gələn bir anlayış olduğunu yazmışdıq. Klassik-nəzəri elmdən fərqli olaraq, praktik-texnoloji elm bu gün artıq dini, mifoloji mətnlərdəki möcüzəvi hekayətləri inkar etmir, əksinə, texnologiyanın imkanları ilə onların real həyatda baş verdiyini, sadəcə, uzun tarixi məsafə qət etdiyi üçün yaradıcı təhrifolunmaya uğradılıb möcüzələşdirildiyini təsdiq edir. Məsələn, dini və tarixi mətnlərdəki hadisələrin arxeoloji təsvirini kosmik texnologiyanın imkanları ilə canlandıran Albert Li özünün elmi-texnoloji reportajları ilə milyonların gözü önündə sübut edir ki, tutalım, Musa peyğəmbərin “dənizi yarması” mifi heç də mif deyil, olmuş hadisədir. Sadəcə, baş vermə şəkli dini kitablarda mifikləşdirilib.
Əslində, Musanın “ikiyə böldüyü” su kütləsi dəniz deyil, Manzala gölüdür və canlı şahidlərin dediyinə görə, Misirin şimalında yerləşən bu göl güclü küləklər əsəndə Aralıq dənizinə doğru geri çəkilir, yerində palçıq bir çöllük qalır. Li özünün və bir çox alimin araşdırmalarına, eyni zamanda müqəddəs kitablarda yazılanlara istinadən İsrail oğullarının Misirdən qaçarkən bu gölün sahilinə gəldiyini, həmin gecə güclü külək sayəsində gölün “yox olduğunu” və bu təbiət hadisəsinin yəhudi mifologiyasına başçı Musanın “dənizi yarması” mifi olaraq daxil edildiyini bizə canlı effektlərlə göstərir.
Ancaq insanın qorxuları o qədər vahiməlidir ki, beyin həmişə inandığını bildiyinə qurban verir.
Hər nə qədər həyatımızı qədim insanın mənəvi əmin-amanlığını təmin edən, ruhani müvazinətini saxlayan, psixoloji qorxularını azaldan mövhumi adətlərdən, “tilsimli” aksessurlardan təmizləməyə cəhd etsək də, aramızda mobil telefonla danışan, təyyarə ilə uçan, “Ferrari” sürən qədim insanlar olduğu üçün bu arzumuz hələ ki, gözümüzdə qalır.
Çünki insan fiziki olaraq iki ayaq üstə qalxa bilsə də, psixoloji olaraq hələ də dördayaqlıdır.
Bu yaxınlarda belə aksessuarlardan birini, “gözmuncuğu” deyilən və nəzərə qarşı qədim insanın icad etdiyi “S-400”ü evimizdə görəndə, heç vaxt lənətləmədiyim – ateist düşüncə həm də şeytanı inkar edir – məşhur destruktiv mələyin arxasınca “lənət sənə kor şeytan” deyib bu tünd mavi muncuğun mistik gücünün nədən ibarət olduğunu sübut edən tarixi araşdırmaq qərarına gəldim.
Gərək ki, BBC-nin məqaləsində gözmuncuğunun müasir təyyarələrin çölü hissəsinə də yapışdırıldığını oxuyanda qulaqlarımdan tüstü çıxdı və xəyalımda bizim gözmuncuğu rəngində olan təyyarələrimiz uçuşmağa başladı. Eyni mistik mühafizə işarələrindən qədim misirlilər və etruskilər öz gəmilərində də istifadə edirdilər. Demək ki, təyyarəni icad edən modern düşüncənin belə mövhumi sığınacağa ehtiyacı varmış.
Gözmüncuğunun tarixinə gəlincə, 1930-cu illərdə Suriyanın şimalındakı qədim şəhər Tell-Brakın qazıntılarından tapılan həndəsi ölçülü gözmuncuqları öz tarixlərini eramızdan 3,5 min il əvvələ bağlayırlar. Burada xeyli sayda gözmuncuğu tapılan Göz məbədi dünyanın ən qədim bədnəzərdən mühafizə obyektlərindən biri hesab olunur. Ancaq Suriyanın şimalında Tell-Brakın da daxil olduğu bu bölgədə son illər terror qruplarının çıxardığı gözlərin sayını nəzərə alsaq, bu gözmuncuğu məbədinin bir işə yaramadığını, ya da artıq mistik gücünün zırdan düşdüyünü etiraf etməliyik.
Seth qədim Misirdə şər allahı idi. İnsanlar onun gözünə görünmək istəmirdilər, Sethin gözünə görünmək ölmək demək idi. Qırğı başlı Horus onu öldürdü və həyata nəzarəti ələ keçirdi. Gözmuncuğunun mənşəyi Misir tanrısı Horusun gözüdür ki, qədim inanca görə, Seth kimi şər baxışlardan insanları qoruyur. Gözündə bədnəzər gəzdirən insanlar şər allahının xəfiyələridir ki, gözmuncuğu, yəni Horusun gözü bu gün də onu harada görsə, məhv edir. Rənginin tünd maviliyi də Misir kimyagərliyindən gəlir.
Gözmuncuğunun tarixi-fəlsəfi izahı budur. Yəqin mühəndislər təyyarələrə ona görə gözmuncuğu yapışdırırlar ki, 10-15 km yüksəklikdə mühərriklərin gücü ilə yanaşı, Horusun “hər şeyi görən gözü” də şirkətin və sərnişinlərin dayağı olsun.
Tanrı Horusun gözü mədəniyyətin sonrakı mərhələlərində müxtəlif məqsədləri rəmzləşdirdi. Məsələn, bir dollarlıq əskinasın üzərində kimisinə görə mason lojasını, kimisinə görə, satanizmi ifadə edən “hər şeyi görən göz”ü bu gün daha çox təkqütblü dünya ideyasının rəmzinə bənzətmək olar.
Həyata nəzərat edən Horusun gözü Corc Oruelin “1984” romanında bu cür təsvir olunur: “Uinstonun otuz doqquz yaşı vardı. Sağ topuğunda damarların genişlənməsi nəticəsində əmələ gəlmiş varikoz yarasından əziyyət çəkirdi. Odur ki pillələri asta-asta qalxır, arada dayanıb nəfəsini dərirdi. Bütün mərtəbə meydançalarında liftlə üzbəüz divara vurulmuş plakatlardan ona eyni sifət baxırdı. Portret elə çəkilmişdi ki, addımını hara atsan, şəkildəki adamın gözləri səni izləyirdi. “BÖYÜK QARDAŞ SƏNƏ BAXIR” – şəklin altında elə belə də yazılmışdı”.
“Hər şeyi görən göz” bu gün artıq siyasi iqtidarları, bürokratik sistemləri rəmzləşdirən bir metafordur. Mişel Fuko artıq “dövlətin gözü”nə çevrilərək insanların bədənlərinə nəzarət funksiyasını həyata keçirən bu qədim gözün fəlsəfəsini “bioiqtidar” termini ilə patentləşdirib.
Demək istədiyim odur ki, bu gün gözmuncuğu təkcə evlərdə bədnəzərə nəzarət edən mistik aksessuar deyil. O, artıq inzibati, bürokratik bir nəzarət sistemin rəmzidir. Bu gün insan hər yerdə - küçələrdə, hava limanlarında, gömrük keçidlərində, metrolarda, süni peyklərdə quraşdırılışmış kameraların “hər şeyi görən” tək gözünün nəzarəti altındadır. Bu modern “gözmuncuqları” hətta bəzən bəd gözlərə, bəd əməllərə xidmət edir.
İnsanlıq bu gün milyonlarla “gözmuncuğunun” nəzarəti altındadır. Sanki, 1930-cu ildə Suriyadakı “Göz məbədi” açılandan sonra oradan çıxarılan milyonlarla lənətlənmiş göz bütün dünyaya yayılıb bəşəriyyəti güdməyə başladı.