axin.az

SON DƏQİQƏ

Geyimə görə qarşılayırlar

27-11-2019, 13:26

Geyimə görə qarşılayırlar

Ramin Musayev yazır...

Gözəllik ondur, doqquzu don. (Atalar sözü)

Dress-kod (ing. dress code - geyim kodeksi) - müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması. Dünən sosial şəbəkədə dostlarımdan birinin statusu məni bu məqaləni yazmağa ilhamlandırdı. Statusda, “Bir dəfə dəbli və gözəl geyinmiş yaşlı kişiyə rast gəldim, o, yun materialdan kostyumda, ağappaq köynək və qalstukda, tam təmizlənmiş brend ayyaqabıda idi. Bir univeristetin dekanı idi. Onu görəndə babamın sözləri yadıma düşdü. O hər zaman yaxşı geyinirdi.

Bax, indi hamımız qəhvəaltı üçün masa arxasına oturacağıq. İstəyirəm ki, mənim həyat yoldaşım və sənin anan məni yaraşıqlı görüb, sevinsinlər. Mən özümü yaxınlarıma görə sevmək istəyirəm. Qoca yaşımda da yaxşı geyinirəm ki, ailə üzvlərimə xoş olsun, onları sevindirim və xatirələrində bu şəkildə qalım. Xatırlayanda, fəxr etsinlər ki, babamız hər zaman dəbli və yaraşıqlı olub, əsl centlemen idi. Yadında saxla, özünü sev ki, hamı səni sevsin və dünya sənə gülümsəsin”.

İllər öncə gülməli bir hadisə ilə qarşılaşmışdım. Bir bankın sədri mənimlə təcili görüşmək istədi. O gün heç bir iş görüşməsi olmadığından sadə geyinmişdim, cins, mayka və “krossovka” (idman ayaqqabısı). Məni qapıda qarşılayan polis nəfəri mənimlə elə bil sinif yoldaşı kimi danışırdı. 3-4 gün sonra eyni banka artıq kostyum və qalstukda gəldim. Qapıda duran həmin polis bu dəfə məni hörmətlə qarşıladı, bəh-bəhlə sədrin yanına ötürdü. Bu hal məni o zaman əyləndirmişdi. Bir tanışım var idi, mağazalardan işlənmiş “Apple” kompüterləri (yenisi bahalıdır) alırdı ki, ofisinə gələnlərdə uğurlu şirkət təəssüratı yaratsın. Sən demə, dələduzluqla onu-bunu aldadırmış. Əldə etdiyi pullarla şoppinqə gedib, bahalı geyimlər alırdı. Görüşdüyü iş adamları da ona baxıb uğurlu iş adamı olduğuna inanırdılar və böyük məbləğlərdə pullar verirdilər. Məsələ agah olanda “razborka” düşürdü, amma adam öz işində o qədər pərgar idi ki, bunun altından çıxmağı bacarırdı. Yəqin ki, belələrini tanıyırsınız.

Dələduzluq, əlbəttə ki, cinayətdir, belə işlərdən uzaq durmaq lazımdır. Onu demək istəyirəm ki, belə şəxslər necə yaxşı təəssürat bağışlamağın yolunu yaxşı bilirlər. Hadisələri danışmaqla onu demək istəyirəm ki, düzgün geyinərək, insanların qəlbinə çox tez yol tapmaq olar, həm iş görüşmələrində, həm də şəxsi. Atalar deyiblər ki, geyimə görə qarşılayıb, ağıla görə yola salırlar. Amma zaman dəyişir, bəzən heç ağıla məhəl qoyulmur. Yaxud ağılı işə salıb sübut edənədək gec olur, çünki ilk təəssüratı dəyişmək çətindir. Bu da insanların daha səthi olmasından irəli gəlir. Əgər görüşdüyünüz şəxsin İQ (İntelekt əmsalı) yüksək deyilsə, yaxud özündən ağıllıları bəyənmirsə, onda onun görüşünə yaxşı geyinərək gedin ki, yaxşı təəssürat yaradasınız, onda, bəlkə, heç ağlını da çox göstərməyə ehtiyac qalmayacaq.

Çox adam “Doğru geyinməyi” bahalı geyinmək kimi düşünür. Amma belə deyil, bu düzgün geyinməkdir. Məsləhətim odur ki, saxta brend adı altında geyim istifadə etməyin, ondansa daha əlçatan qiymətə olan markalardan istifadə edin.

Artıq Bakıda belə mağazaların sayı çoxdur, yetər ki, ticarət mərkəzlərinə gedəsiniz. Əgər büdcəniz onlardan almağa imkan vermirsə, endirimləri gözləyin və böyük endirimlərlə əldə edin. Məsələn, yayda payız və qış üçün, qışda isə yaz və yay üçün geyimləri sərfəli qiymətlərə almaq olar.

Başqa bir məsələyə toxunmaq istəyirəm. Tez-tez müxtəlif formatlı tədbirlərdə oluram. Dəvətnamələrdə geyim tərzi qeyd olunsa da, çox insan buna riayət etmir. Bəlkə də bilməməzlikdən irəli gəlir.

Məsələn, çox hallarda rəsmi tədbirlərə cins və idman ayyaqıbısında (və ya mokasin geyinərək) gəlirlər. Bu, ilk növdəbə təşkilatçıya hörmətsizlikdir, sonra da özünə. Ən çox təəcübləndirən isə, kişilərin çox hissəsinin qalstuk bağlamağı bacarmadığından ondan istifadə etmir, məmur və bank işçiləri istisnadır, çünki onların dress-kodu bunu tələb edir.

Bəziləri bir dəfə qalstuku bağlatdırıb, daha onu açmırlar ki, gündəlik bağlamağa ehtiyac olmasın. Bu isə qalstukun tez xarab olmasına yol açır. Əslində, bu, çox asandır. Azərbaycanda yeganə dress-kod yalnız toylarda düzgün tətbiq olunur. O da yəqin ki, toyları sevdiyimizdən irəli gəlir. Bəlkə də, kimsə özünə həyat yoldaşı axtarır deyə, şık geyinir. Həm də toy bir bayramdır, ona görə ona daha yaxşı hazırlaşırıq.

Xarici görünüş ilk növbədə insanın xarakterini, onun həyat tərzini əks etdirir. Deyə bilərsiniz ki, yaxşı geyinmək üçün çoxlu pul lazımdır. Bu, yanlış fikirdir. Bunun müxtəlif yolları var. “Baza qarderobu” deyilən üsulla cəmi 14 geyim element ilə (iki ayyaqabı, iki şalvar, üç köynək, iki mayka, bir polo, bir pencək, bir gödəkçə, bir kostyum, bir qalstuk) 40-a yaxın look (ing. zahiri görünüş) əldə etmək olar. Həm pula qənaət, həm dəbli görünüş, həm də hər gün müxtəlif görünüşdə olmaq mümkündür. Bu həm kişilər, həm də qadınlar üçün keçərlidir. Yəni şkaflarınızı geyimlə doldurmaq yerinə az sayda, rəngə görə bir-birinə uyğun gələn əşyalar alıb, onları gündəlik bir-birinə uyğunlaşdıraraq, hər gün müxtəlif görünüş yaratmaq mümkündür. Pul az xərclənir, qarderobu vaxtaşırı dəyişmək də ucuz başa gəlir. Öz xarici görünüşünüzə, gigiyenanıza riayət edərək, digərlərində özünüz haqqında yaxşı təəssürat bağışlaya bilərsiniz. Axı hamı sizinlə yaxınlaşıb tanış olub, sizinlə müsahibə aparmayacaq ki, ağıllı olduğunuza əmin olsun.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA