axin.az

SON DƏQİQƏ

Azərbaycanın “şah damarı” quruyub! - “Böyük ekoloji və sosial fəlakət gəlir”

2-07-2020, 12:30

Azərbaycanın “şah damarı” quruyub! - “Böyük ekoloji və sosial fəlakət gəlir”Son aylar Kür çayının səviyyəsində nəzərəçarpan azalma müşahidə olunur. Xəzər dənizinin suyunun Qafqazın ən böyük çayı olan Kürün suyuna qarışması regionu ciddi ekoloji böhranla üz-üzə qoyub. Xəzərin şor suyunun Kürə axması nəticəsində insanlar artıq xeyli müddətdir ki, su problem ilə qarşı-qarşıya qalıb. Neftçala şəhəri, Salyan rayonu və əksər kəndlərdə əhali əkin sahələrini suvarmaqda çətinlik çəkir. Məhsullar məhv olur.

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun tədqiqatçıları Kür çayında suyun azalmasını və dəniz suyunun çay dərəsinə dolmasını bir neçə səbəblə izah edib. Tədqiqatçılar çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının bir-neçə səbəbini aydınlaşdırıblar. Bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsidir.

Bundan əlavə, Kür çayının bu hissəsində asılı materialların kəskin azalması, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi də suyun azalmasına gətirib çıxarıb.

Əsas amillərdən biri isə Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulmasıdır.

Kür çayının ölkəmizin şah damarı olduğunu deyən Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı “Sherg.az”a bildirib ki, bu çaydan ölkə iqtisadiyyatının, təsərrüfatının və əhalinin əhəmiyyətli bir hissəsi asılıdır. E.Bayralı vurğulayıb ki, hazırda çayın hədsiz kiçilməsi və şor suyun dənizdən çaya axması böyük ekoloji fəlakətin xəbərçisidir:

“Bu kimi hadisələrin baş verəcəyi haqda uzun illərdir, həyəcan təbili çalırdıq, lakin ciddi reaksiya verilmədi. Məlumatlara görə, Kürün bu vəziyyətə düşməsinin əsas səbəbi Türkiyənin çayın mənbəyində tikdiyi böyük su anbarıdır. Qonşu dövlət çayın suyunu anbara yönəldir, oradan da əslində suya o qədər ehtiyac olmayan Qara dəniz sahili ərazilərə. Nəticədə bizdə çox ciddi ekoloji fəlakət yaranır. Buna görə Türkiyəyə nota verilməlidir və izahat tələb edilməlidir. Bundan başqa, ölkəmizdə də yaşıllığın qırılması, təbiətə divan tutulması, su ehtiyatlarının səmərəli istifadə edilməməsi kimi işlərin nəticəsində ekoloji və sosial böhranlar yaranır”.

Ekspert bildirib ki, hazırda Muğan zonasında Kür çayı sahilindəki rayonlarda ciddi su qıtlığı yaranıb:

“Əhali içməli suyu kənar yerlərdən gətirdir, təsərrüfatlar isə yanıb gedir. Dənizdən geri çaya axan duzlu dəniz suyu çayın flora və faunasına zərər vurur. Hesab edirəm ki, bu vəziyyətə əsas cavabdehlər Ekologiya Nazirliyi, Azərsu, Su-Melorasiya kimi dövlət orqanlarıdır. Vaxtında heç bir tədbir görməyiblər. Kürə tökülən kiçik çayların qurumasının səbəbləri araşdırılmayıb və qarşısının alınması üçün heç bir tədbir görülməyib. Elə indi də bir ciddi hərəkət görünmür. Problemin səbəbini aşkar edib bununla bağlı ciddi fəaliyyətə başlamayıblar”.

E.Bayramlı Kür çayındakı problemin qlobal və iqlim dəyişmələri ilə birbaşa əlaqəsi olduğunu diqqətə çatdırıb:

“Dünya ciddi su probleminin astanasındadır. Əksər ölkələr xeyli əvvəldən bununla bağlı müəyyən tədbirlər görüblər. Bu problem qarşısında bizim ölkə hazırlıqsız vəziyyətdədir. Uzun illərdir təklif edirdik ki, çoxlu kiçik su anbarları yaradılsın, dəniz suyunu şirinləşdirən zavodlar tikilsin, yeraltı su hövzələrindən istifadə genişləndirilsin. Lakin bunlar təklif olaraq qaldı və heç bir reaksiya verilmədi. Dünyada ciddi su böhranı yaransa, qonşu ölkələr transsərhəd çaylarının bütün suyunu özlərinə istifadə edəcək və biz tərəfə su gəlməyəcək. Biz isə su ehtiyatının ən az olduğu ölkələrdənik və su ehtiyatının 70 faizi sərhədlərimizdən kənarda formalaşır. Hesab edirəm ki, bu problemin qarşısının vaxtında alınması üçün heç nə etməyən müvafiq orqanların rəhbərləri istefaya göndərilməli, roblemin həll üçün tədbirlər əmümükn qədər tez müddətdə başlanmalıdır. Tezliklə problemin həlli təmin edilməsə, daha ciddi ekoloji, sosial və iqtisadi böhranın yaranacağı şübhəsizdir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA