axin.az

SON DƏQİQƏ

"Parlament Eldar Mahmudovun kontrolunda olan yuvalardan biri idi" - MÜSAHİBƏ

26-06-2020, 19:00

"Parlament Eldar Mahmudovun kontrolunda olan yuvalardan biri idi" - MÜSAHİBƏ“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Yenisabah.az-a müsahibəsi:

- Rauf bəy, rüşvətxor və korrupsioner məmurların həbsi kontekstində ölkədəki siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- Ölkədəki siyasi vəziyyət islahat gedən dövlətdəki prosesə uyğundur, yəni mürəkkəbdir. Çünki bu islahat prosesi, onun tərkib hissəsi olan həbslər, vəzifədən azad etmələr çoxsaylı insanların maraq və mənafelərinə toxunub. Onlar hərəkət ediblər, prosesi sabotaj etməyə çalışıblar və bu da istər-istəməz ölkədə müəyyən gərginlik əhvalı yaradır. Nəzərə alsaq ki, Azərbaycan dünya çapında cövlan edən bir virusun cəngindədir və buna görə də gərginlik var. İnsanlar aylardır ki, evdən kənara çıxmaqda problem yaşayırlar, maddi problemlərlə üz-üzədirlər. Azərbaycanda vəziyyət dünyanın bəzi ölkələrindən yaxşı, bəzilərinkindən isə daha pisdir.

- Məmurların həbsini vəd olunan islahatların tərkib hissəsi saymaq olar? Sizcə, son vaxtlar baş verən hadisələrdən sonra Azərbaycanda nə dəyişəcək?

- Həbslər, xüsusilə də pandemiya dövrünə düşən həbslər onu göstərdi ki, bu islahatlarla bağlı hakim iradə var, o, qətiyyətlidir və bunun başa çatmasını istəyir. Həbslər sabotaj edənlərə, onların arxasında duranlara, hakimiyyətdə kök salmış mafiyalara bir mesajdır ki, müqavimət olarsa, həbs də olacaq və proses daha qətiyyətli olacaq. İslahatlar Azərbaycanda əsaslı şəkildə hakimiyyətin yenidən qurulmasını hədəfləyir. Qanunverici, icra və məhkəmə hakimiyyətinin tamamilə islah olunması nəzərdə tutulub. Əslində, bunlardan artıq ikisi islah prosesinə məruz qalıb. Nazirlər Kabineti Baş nazir daxil olmaqla dəyişdirilib. Eyni zamanda paralel struktur kimi qiymətləndirilə bilən Prezident Administrasiyası dəyişdirilib. Güc strukturları nazirləri, Baş Prokuror və s. yenilənib. Tarixi bir prosesin şahidiyik. Çünki 20 ildən çox öz postunda kök atmış, yuvalanmış nazirlərin vəzifədən düşürülməsini görürük. Bundan sonra parlament seçkiləri baş verdi və orada da dəyişikliklər oldu. Məlumdur ki, parlament əvvəlki Milli Təklükəsizlik naziri Eldar Mahmudovun kontrolunda olan yuvalardan biri idi. O, sözün yaxşı mənasında darmadağın oldu. Artıq parlamentə müstəqil, ancaq dövlətə bağlı ziyalılar, hətta müxalifət təmsilçiləri gətirilib. Parlamentdə-qanunverici hakimiyətdə həm parlamentarilər, həm də parlamentin rəhbərliyini və siyasətini müəyyən edən 34 şəxsin timsalında dəyişikliyi müşahidə edirik. Bunlar komitə sədrləri, onların müavinləri, vitse-spikerlər, spikerlərdir. İndi növbə məhkəmə hakimiyyətindədir. Pandemiya biraz prosesə mane oldu, amma məlumatım var ki, orada da əsaslı dəyişikliklərə start verilib. Artıq hakimlər cəzalandırılır. İslahatın növbəti hədəfi məhkəmə hakimiyyətidir. Bu arada islahata daha çox ehtiyacı olan sahə informasiya və mətbuat sahəsidir. Buna bəzən “dördüncü hakimiyyət” deyirlər.

- İslahatlar dövründə mətbuatın yeri və rolu nədən ibarət olacaq? Mətbuatda kim, yaxud nə dəyişməlidir?

- Mətbuatda çox şey dəyişməlidir, konseptual olaraq mətbuata baxış dəyişməlidir. Mənimki, səninki, onlarınkı, bizimki olmamalıdır. Mətbuatın düşərgələşməsinə tamamilə son qoyulmalıdır və yalnız mətbuat yox, ümumiyyətlə, informasiya seqmentində əhəmiyyətli dəyişikliklər baş verməlidir, dövlətdən maliyyələşmə prosesində də konseptual dəyişikliklərə ehtiyac var. Prezident və dövlət fədakarlıq edir, Azərbaycan mətbuatına milyonlarla pul xərcləyir, biz isə 145 illik yubileyimiz ərəfəsində baxıb görürük ki, Azərbaycan qəzetləri irəli yox, geri gedir. Bu gün bir dənə də olsun Azərbaycanda rəngli çap olunan media quruluşu tapmaq mümkün deyil. Azərbaycanda çap texnologiyası əlçatımlı deyil. Azərbaycanda informasiya məkanını vətən anlayışı ilə dəyərləndirsək, işğal altındadır. Biraz mühacir mediasının, biraz Türk televiziyalarının, biraz da Rus mediasının işğalı altındadır. Bu işğaldan vətənimizi, yəni informasiya sahəsini, milli auditoriyamızı qorumaq, xilas etmək lazımdır. Durum belədir və hesab edirəm ki, digər sahələr qədər Azərbaycanda mətbuat sahəsinin islah olunmsı mühimdir. İslahat prosesində doğrudur ki, mətbuat həbsləri, prezidentin islahatlarını kifayət qədər dəstəklədi. Amma dəstəkləməyən də oldu, mühacir mediası və onların təsirində olan medialar prosesdən kənarda qaldılar. Hətta tamamilə əksini nümayiş etdirdilər. Ona görə də ölkə dəyişikliyə getmək zorundadır.

- Əli Həsənovun və Vüqar Səfərlinin vəzifədən azad olunmasından sonra bu sektor üçün xarakterik olan çoxsaylı problemlər üzə çıxdı. Təcrübəli biri olduğunuz halda, uzun illər ərzində bu problemlər gözünüzdən necə qaçıb?

- Bu problemlər illərdir ki, var və biz həm danışırıq, həm yazırıq. Mən Əli Həsənovla şəxsən söhbət eləyərkən də bu barədə demişəm. Əli Həsənovun vəzifədə olduğu dönəmdə ard-arda müsahibələr vermişəm, bu sahədə böyük problemin olduğunu dəfələrlə yazmışam. Məsələ budur ki, Əli Həsənov gedib və 8-9 ay müddətində heç nə dəyişməyib, ən azından yaxşılığa doğru dəyişən bir şey yoxdur. Necə onun dövründə problemli və fəlakətli vəziyyətdə idisə, indi də elədir. Tezliklə bunu həll etmək lazımdır. Dövlət bu sahəyə öz münasibətini müəyyənləşdirməlidir, çünki bu müəyyənləşməyib. Hesab edirəm ki, mətbuat azad buraxılmalıdır. Tənqidə çərçivə qoyulmamalı, senzura elementləri aradan qaldırılmalıdır. Azərbaycan mediasında tənqid səsləndirmək problemə çevrilib. Tənqid “importnı mal” olmamalıdır. Azərbaycan sərhədlərindən kənarda Azərbaycana xitab etməməlidir, Azərbaycanın daxilində bu baş verməlidir və ən böyük çatışmazlıq da elə budur. Medianın istər maddi, istərsə də digər asılılıqları var. Reklam haqqında qanun dəyişdirilməlidir. Reklam və elanların bölgüsündə ədalət prinsipi həyata keçirilməlidir. Mətbuat Şurasının statusu müəyyənləşdirilməlidir. Mətbuatda əsaslı inqilabi dəyişiklik baş verməlidir.

- Sabiq Səhiyyə naziri Əli İnsanovun timsalında “köhnə qvardiya”nın revanşa hazırlaşdığına dair iddialar mövcuddur. Ömrünün səkkizinci, hətta doqquzuncu onilliyini xırdalayan bu adamların siyasi proseslərə təsir etmək imkanı hara qədərdir?

- Bu qvardiya hələ də hakimiyətdə qalan və yaxud yenicə hakimiyyətdən düşmüş təmsilçiləri ilə birləşəcəksə, əlbəttə ki, ölkədə vəziyyət qarışacaq. Hazırda hakimiyyətə və prezidentin apardığı kursa əsas alternativ ənənəvi müxalifət deyil, Azərbaycan xalqı da deyil. Bəzi hallarda görünən və bəzi hallarda da görünməyən, yer altında olan o “köhnə qvardiya”dır. Əli İnsanovun ətrafında həmin oluşumun ciddi bir kəsimi formalaşıb. Məndə rəsmi üzə çıxan bilgilərdən əlavə də bilgilər var və bu, narahatedicidir. Davam edərsə və koalisiya halını alarsa, hakimiyyətdə vurulan mafiyaların birləşmə nöqtəsinə çevrilərsə, Azərbaycan üçün ciddi təhlükə olar. Ona görə də mən istərdim ki, Azərbaycanın ənənəvi müxalifəti onlara qoşulmasın. Lakin Azərbaycan mediasının onlara platforma verməməsini deyə bilmərəm. Çünki bu, mətbuatın, söz azadlığının əlifbasına zidd bir çıxışdır, amma hər kəs bunu bilsin ki, bu nöqtə ölkə üçün zərərlidir.

- Rauf bəy, son vaxtlar sosial şəbəkələrdə hədəfə götürülən tanınmış simaların sırasında siz də varsınız? Sizcə, bu hücumların arxasında nə dayanır?

- Seçkiyə getmək və orada iştirak etmək təbii ki, tərəfdar toplusu ilə yanaşı, həm də əleyhidarlar toplusu yaradır. Nədənsə, mənə qarşı bu dəfə bir koalisiya yaranmışdı. Əli Kərimlinin, sosial şəbəkə fenomenləri hesab olunan Aslan İsmayılov, İqbal Ağazadə və onun tərəfdarları, hətta mənim vaxtilə rəhbərliyində olduğum Müsavat Partiyası belə koalisiya yaradaraq mənə qarşı ciddi şəkildə kompaniya aparırdı. Bu, tənqid deyildi. Tənqid yaxşı şeydir, bu, bir qaralama, gözdənsalma aksiyası idi. Gücümüz çatan qədər çalışdıq ki, bu prosesin seçicilərin ürəyinə təsiri olmasın. Əslində, buna nail də olduq. Amma Azərbaycan təkcə 35 saylı Xətai seçki dairəsindən ibarət deyil. Başqalarına, dost-tanışa, insanlara əlbəttə ki, təsir elədi. Düzdü, məni tanıyanlar dəyişmirlər, amma onlar da narahat olurlar ki, niyə axı bir adama qarşı müxtəlif, hətta aralarında münasibət olmayan təşkilatlar birləşsin? Bunun müxtəlif səbəbləri var. Bəziləri özlərinə rəqib görür, mən deputat olacağım təqdirdə müxalif düşərgədə qarşıdurma həyata keçirirlər. Bəziləri paxıllıqdan, bəziləri isə köhnə quyruq acları olduğu üçün belə edirlər. Yazmışıq, yazırıq, tənqid və ifşa edirik. Bir qəzet redaktoru düşünün, hər gün 150-dən çox başlığı olan xəbərlər çap edir. Bunu vurur 31 ilə... Gör, mən nə qədər xəbər, material, reportaj, o cümlədən də tənqid və ifşa çap eləmişəm. Bu, nəhəng bir həcmdir və o həcmin içərisində çoxlu incikliklər var. Məsələn, zamanında Əli İnsanov haqqında o qədər yazırdıq ki, o parlamentin tribunasından açıq şəkildə çıxış elədi ki, Rauf Arifoğlunun başını kəsib, futbol topu kimi küçələrdə təpikləmək lazımdır. Bunu YAP-ın rəhbərliyində olarkən efirdən söyləmişdi. Bu kimi feodal təfəkkürlü insanlar, tənqidə görə redaktoru öldürmək istəyənlər Azərbaycanda az deyil. Bu baxımdan həmin faktorun da təbii ki, əhəmiyyətli təsiri var idi.

- Dövlət televiziyasında və hakimiyyətə yaxınlığı ilə tanınan digər telekanallarda tez-tez görünürsüz. Hakimiyyətə dəstək xarakterli çıxışlarınız bundan sonra da davam edəcəkmi?

- Əlbəttə. Bu halda Azərbaycanın bütün məsuliyyəti və Azərbaycan xalqının taleyi sistemli, stabil bir siyasi qüvvənin onun başında durmasına bağlıdır. Hazırda bu qüvvə İlham Əliyevin rəhbərlik etdiyi komandadır. Mən bütövlükdə iqtidarı demirəm, çünki iqtidara qarşı mən müxalifətdəyəm. Onun başında duran şəxsi dəstəkləyirəm, ona görə ki, müxalifət olduğum iqtidarı dəyişir. Azərbaycan İlham Əliyevin nəzarətindən çıxsa, ümumiyyətlə, xalqın nəzarətindən çıxacaq və Azərbaycan Suriyanın vəziyyətinə dönəcək. Çünki Azərbaycanda onun rəhbərlik etdiyi komandadan başqa məsuliyyəti üzərinə götürə biləcək ikinci bir komanda yoxdur. Azərbaycan müxalifəti pərən-pərəndir, bir-birinə qarşıdır və düşmən münasibəti bəsləyir. Azərbaycan müxalifətinin əhəmiyyətli hissəsi xarici qüvvələrin kontrolu altındadır. Belə bir vəziyyətdə Azərbaycan demək, İlham Əliyev deməkdir. Bu baxımdan, əslində mən Azərbaycanı dəstəkləyirəm. Bu model dəyişəcəksə, Azərbaycanda normal siyasi qüvvələr və düşərgələr olacaqsa, təbii ki, mən də öz seçimimi edəcəm. İndi mən destabilizasiya ilə stabillik arasında seçim edirəm və stabilliyə önəm verirəm. Elə indi dövlət televiziyalarından biri məni dəvət edib və mən oraya gedirəm, düşündüyümü, Azərbaycanın ən qiymətli neməti olan stabilliyə xidmət edəcək olan fikirlərimi söyləyəcəm. Hesab edirəm ki, o fikirlərin heç biri yalan deyil. Azərbaycanın ənənəvi müxalifəti bitkin vəziyyətdədir. Mən çox arzu edirəm ki, onlar dirçəlsinlər, formalaşsınlar, ən azı onlardan biri orqanizm halına dönsün. Yaşam əlamətləri göstərsin və bu yolda da mən onlara dəstək verməyə hazıram, necə ki illərlə dəstək vermişəm. Amma təəssüf ki, zaman keçdikcə onlar aşınmaya məruz qalıblar və hazırda zərərli prosesin içərisindədirlər. Prosesdə ondan ibarətdir ki, real həyatda ictimai rəyə heç bir təsir edə bilmirlər. Virtual həyatda isə Azərbaycana, onun ictimai rəyinə neqativ təsirlər göstərirlər. Doğru olmayan bir xətt yürütməkdədirlər. Xüsusilə, bu məsələ Əli Kərimli və Milli Şura cinahına aiddir. Bu şuranın, oluşumun düşüncə tərzi, Azərbaycana verə biləcəkləri məlum “Zoom” konfransında özünü göstərdi. Adamların necə zərərli olduqlarını, onların ictimai rəylə, müxalif düşərgə ilə, xalq və ziyalılarla necə rəftar etdiklərini hamı gördü. O kateqoriya haqqında fikirlər formalaşdı. Mən bunları konfrans ictimailəşməmişdən əvvəl görürdüm, çünki onlarla bərabər iclaslarda olmuşam, yaxından tanımışam, yemək yeyib çay içmişəm, mübahisə aparmışam. Hər iki düşərgəni yaxından tanıdığım üçün mən bayaq da səsləndirdiyim qərarı vermişəm və hələki bu proses davam edəcək. Mən Azərbaycanın qorunmasının, bütövlüyünü saxlanmasının tərəfindəyəm. Destabilizasiyaya qarşıyam.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA