axin.az

SON DƏQİQƏ

Karantin qaydalarına riayət davam edərsə, pandemiya may ayından azalacaq - MÜSAHİBƏ

16-04-2020, 18:31

Karantin qaydalarına riayət davam edərsə, pandemiya may ayından azalacaq - MÜSAHİBƏİnsanlar bundan sonra da xüsusi karantin rejiminin qaydalarını pozmağa davam edəcəyi təqdirdə, pulmonoloq çatışmazlığına görə sətəlcəmi cərrahlar müalicə etməli olacaq. Ölkənin pandemiya xəstəxanalarından birinin cərrahiyyə şöbəsinin müdiri Əşrəf Həsənzadə Media.Az-a müsahibəsini məhz bu ifadələrlə başlayıb.



- Xəstəxanada xəstələr bir-birindən təcrid olunublar?

- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tövsiyələrinə əsasən, xəstələr tək və ya ikiyerli otaqlara yerləşdirilir. Xəstəxanada üçyerli palata yoxdur.

- Əksər hallarda xəstəlik necə davam edir?

- Pasiyentlərimizin 80%-də xəstəlik simptomsuz keçir. Onlar, bir qayda olaraq, təsadüfən təyin edilir. Bir insan xəstədirsə və onun müayinələri koronavirusun olduğunu təsdiqləyirsə, bu zaman əlaqə qurduğu bütün vətəndaşlar müəyyən olunur. Simptomsuz xəstəliyi olanlar, eyni zamanda infeksiyanın daşıyıcıları da məhz onlardır.

Qeyd etmək istərdim ki, Azərbaycan bu məsələyə çox ciddi yanaşdı. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın qarşısının alınması və əhalinin qorunmasına daha yumşaq yanaşma tövsiyə etsə də, kütləvi yoluxmanın qarşısını almaq üçün profilaktik, qabaqlayıcı tədbirlər görmüşük. Ona görə də, digər dövlətlərlə müqayisədə Azərbaycanda vəziyyət sabitdir.

- Bu yaxınlarda “Rospotrebnadzor”un rəhbəri Anna Popova rusiyalıların yalnız üç faizinin koronavirusa qarşı immunitetinin olduğunu söylədi. Bəs bizdə vəziyyət necədir?

- Bəzi yoluxucu xəstəliklər var ki, bundan sonra insanların əksəriyyətində ömürlük və ya müvəqqəti immunitet yaranır. Dünya elmi bəşəriyyətin indiyə qədər yeni növ koronavirusla - COVİD-19-la qarşılaşmadığını iddia edir. Dünyada, ehtimal ki, təxminən 500 min sağalmış insan immunitet qazanıb. Ancaq onun ömürlük, ya müvəqqəti olduğunu dəqiq söyləmək mümkün deyil. Virus tam öyrənilməyincə, əminliklə bir şey söyləmək olmur.

- Xəstələrin müalicə müddəti nə qədərdir?

- 10 gündən 20 günə qədər. Hamısı analizlərin nəticələrindən asılıdır. Fakt budur ki, xəstə bizə virus aşkarlandıqdan sonra gəlir. Ancaq onun neçə müddətdən bəri xəstə olduğunu bilmirik. Bəzən olur ki, bir həftəlik müalicədən sonra xəstə ikinci dəfə test edilir və onun sağaldığı məlum olur. Bu vəziyyətdə səhv nəticənin olmasını istisna etmək üçün başqa bir analiz aparılır. Hər iki cavab “mənfi” olarsa, şəxs xəstəxanadan buraxılır.

- Xəstələr hansı dərmanlarla müalicə edilir?

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi protokola əsasən müalicə edirik. Xəstəxanalarımız bütün lazımi tibbi avadanlıqlarla, dərmanlarla və müdafiə vasitələri ilə təchiz edilib. Hər şey artılqlaması ilədir... Xəstələrin müalicəsində istifadə olunan dərmanların adını çəkmək istəmirəm, çünki vətəndaşlar apteklərdən onları satın almağa və özünümüalicəyə başlayacaqlar.

- Polis əməkdaşları hər xəstəxanada var?

- Bəli, bu, tibb müəssisəsinin təhlükəsizliyini təmin etmək üçündür. Xəstəxanalar TƏBİB-ə tabe olduqdan sonra hər bir tibb müəssisəsində qurumdankənar polis mühafizəçisi təyin olunub.

- Siz hazırda hoteldə yaşayırsınız?

- Bəli, pandemiya xəstəxanalarında işləyən tibb işçilərinin hamısı hotellərdə yaşayır. Təhlükəsizlik naminə yaxınlarımızla əlaqəni məhdudlaşdırırıq.

- Sonda gözləntilərinizi soruşmaya bilmərəm. Necə düşünürsünüz, epidemiya nə vaxt azalacaq?

- Son günlərin dinamikası müsbət oldu. Eyni sayda aparılan testlərlə daha az xəstə müəyyən edildi. Bu, xüsusi karantin rejiminin öz bəhrəsini verməsi deməkdir. Ən azı iki həftə karantin qaydaları pozulmazsa, may ayında pandemiya azalacaq. Əks təqdirdə, daha bir neçə həftə gözləməli olacaqsınız.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA