Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı və dramaturq Firuz Mustafa Daşkənddə “Kitob dunyasi” qəzetinin redaksiyasında olub, nəşrin baş redaktoru, şair Xasiyyət Rüstəmlə görüşüb.
Axin.az xəbər verir ki, görüşdə ədəbi əlaqələrimizin indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, son illərdə ölkələrimizin ədəbi əlaqələrində böyük canlanma var, həm Azərbaycanda, həm də Özbəkistanda şair və yazıçılarımızın əsərləri çap edilir. Bu işdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xüsusi rol oynayır. İndiyədək Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı 60-a yaxın kitab çap olunub.
Firuz Mustafa bildirib ki, Azərbaycanda özbək ədəbiyyatına böyük maraq var, ədəbi qəzet və jurnallarda vaxtaşırı olaraq özbək şair və yazıçılarının əsərləri çap edilir.
Xasiyyət Rüstəm deyib ki, “Kitob dunyasi” qəzeti demək olar hər sayında Azərbaycanın şair və yazıçılarının əsərlərinə geniş yer verir.
Firuz Mustafa səfər çərçivəsində Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin nəzdində yaradılan Çingiz Aytmatov mərkəzinin açılışında da iştirak edib.