axin.az

SON DƏQİQƏ

Aydəm İsmayılov: “Aİ “fransızlaşa” bilməz, Azərbaycan üzünü Almaniyaya tutmalıdır”

18-09-2020, 12:46

Aydəm İsmayılov: “Aİ “fransızlaşa” bilməz, Azərbaycan üzünü Almaniyaya tutmalıdır”

Latviyanın Baltnew.com portalının məlumatına görə, Fransa prezidenti Emmanuel Makron bu ayın sonlarında Baltikyanı ölkələrə səfər edəcək. Səfərin gizli məqsədlərindən biri Almaniya kansleri Angela Merkelin yaxın zamanlarda hakimiyyətdən ayrılmasıyla Avropa İttifaqında yaranan avtoritar boşluğu Fransanın xeyrinə doldurmaqdır.

İddialara görə, Makron həmçinin Avropanı ABŞ-ın və NATO-nun təsir dairəsindən çıxarmaq, qitənin vahid ordusunu yaratmaq niyyətindədir. Onun Pribaltikaya səfərində başlıca səbəblərdən biri də həmin dövlətləri öz ideyası ətrafında birləşdirməkdir.

Fransa prezidentinin ötən il NATO-nun “beyin ölümü” keçirdiyini iddia etməsi və Avropa ölkələrinin ABŞ-a çox güvənməməsi ilə bağlı fikirlər səsləndirməsi də bu ehtimalı gücləndirir. Nəzərə alsaq ki, Makron bu sözləri Türkiyənin son zamanlar xarici siyasətini aktivləşdirməsinin qarşısını almaq üçün demişdi və Fransada erməni lobbisi güclüdür, istər-istəməz belə bir sual ortaya çıxır: Avropa İttifaqının yəhəri fransızların əlinə keçirsə, bizi nə gözləyir?

Aydəm İsmayılov: “Aİ “fransızlaşa” bilməz, Azərbaycan üzünü Almaniyaya tutmalıdır”


Ovqat.com-un suallarını cavablandıran fələsəfə elmləri doktoru və beynəlxalq münasibətlər üzrə ekspert Aydəm İsmayılov Avropanın “fransızlaşacağı” ehtimalına inanmır.

Onun fikrincə, Avropa İttifaqı kimi ölkələr topluluğunda hər kəsin yekdilliklə qəbul etdiyi siyasi liderlərin çıxması olduqca çətin məsələdir: “Ümumiyyətlə, demokratik dövlətlərdə bu cür xarizmatik liderlərin ortaya çıxmasına imkan vermirlər, bunu demokratik ənənələrə zidd hesab edirlər. Belə birliklərdə lokomotiv güc liderlər yox, ittifaq üzvlərinin milli-siyasi maraqları olur. Odur ki, Avropanın hansı dövlətlərin və millətlərin təsir dairəsinə düşəcəyini müəyyənləşdirmək üçün ilk növbədə həmin ittifaqda hansı toplumun daha geniş yayılmasına baxmaq lazımdır. Bilirsiniz ki, Fransanın əhalisi 67 milyondur. Bundan əlavə Belçikada, İsveçrədə, Luksenburqda müəyyən sayda fransızca danışan əhali yaşayır. Fəqət onların sayı almanlarla müqayisədə xeyli aşağıdır. Fransanın özündə belə, xeyli fərqli etnik qruplar yaşayır və onlar rəsmi Parisin yürütdüyü siyasətdən çox da məmnun deyillər. Məlumata görə, hazırda bu ölkədə 5 milyona yaxın immeqrant var və onların yarısından çoxu qaradərilidir. Fransadakı immeqrantın cəmi 2 milyonu ölkə vətəndaşlığı ala bilib, digərləri isə bu statusa yiyələnmək üçün mübarizə aparırlar. Zaman-zaman “sarı jiletlilər”in üsyanlarına bütün dünya şahid olub. Öz daxilində belə, hər kəsin rəğbətini qazana bilməyən, üsyanlara, qarşıdurmalara səhnə olan Fransanın, sizin təbirinizcə desək, Avropanın “yüyən”ini ələ keçirməsi inandırıcı görünmür”.



Almaniyanın Avropada lokomotiv güc kimi öz mövqeyini saxlayacağına daha real ehtimal kimi baxan Aydəm İsmayılov fikrini belə əsaslandırdı: “Almaniyanın hardasa 84 milyon əhalisi var. Bu, Fransadan 25% artıq əhali deməkdir. Almaniya əhali sayı etibarilə təkcə Fransa ilə müqayisədə deyil, həm də Avropada ən böyük dövlətdir. Üstəlik, onun əhalisinin 91.5 faizi etnik olaraq almandır. Yəni Avropa ölkələri arasında etnik xarakter baxımından ən “təmiz” dövlət sayılır. Qeyri-alman əhalinin sayı 7 milyondur. Ən böyük azlıq isə türklərə aiddir. Almaniyada təxminən 2.5 milyon türk yaşayır”.

Aydəm İsmayılov Türkiyə və Azərbaycanın Almaniyada yürüdəcəyi effektli lobbiçilik və diaspora siyasəti nəticəsində rəsmi Berlinin mövqeyini tamamilə ölkəmizin xeyrinə dəyişdirilə biləcəyinə inanır: “Yeri gəlmişkən, Almaniyanın tarixi şüuru da buna tam uyğundur. Bilirsiniz ki, müasir dünya düzəninin formalaşdırıldığı XX əsrin birinci yarısında baş verən iki dünya müharibəsində Almaniya ilə Türkiyə arasında yaxın münasibətlər olmuşdu. Almanların Türkiyəyə meylli siyasəti bu gün də davam edir və incə düşünülmüş diaspora siyasəti nəticəsində bu münasibətləri daha da möhkəmləndirmək olar”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, alman gücünü yalnız Almaniya ilə də məhdudlaşdırmaq olmaz: “Alman Avropasından danışananlar əsasən AFR-in rəhbər və istiqamətverici rolunu nəzərdə tuturlar. Amma unudurlar ki, Avropada daha iki ölkənin - Avstriya və İsveçrənin sakinləri də etnik kimlik olaraq almanlara aiddir. Almanlara yaxın olan hollandlar, həmçinin isveçli norveçlilər də var-ümumiyyətlə, Avropanın böyük bir hissəsi alman mənşəlidir. Avropa İttifaqı, xüsusilə Böyük Britaniyanın bu ittifaqdan çıxışından sonra getdikcə daha çox alman layihəsinə çevrilib”.



O ki qaldı Makronun Baltikyanı ölkələrə məkik siyasəti üçün səfərinə, bu təşəbbüsün nəticə verəcəyinə inanmayan Aydəm İsmayılov fikrini belə əsaslandırdı: “Makronun bu ölkələrə səfərinin başlıca məqsədlərindən biri də Rusiyanın “Şimal axını-2” layihəsinin lobbiçiliyi ilə bağlıdır. Fransa da eynilə Almaniya kimi ABŞ asılılığından xilas olmaq üçün rus qazının Avropaya idxalına nail olmaq istəyirlər. Bu isə Baltik ölkələrini və ümumiyyətlə Şərqi Avropanı qorxudur. Eynilə II Dünya müharibəsində olduğu kimi Şərqi Avropanın Rusiya ilə Qərbi Avropa ölkələri arasında bölüşdürülməsindən ehtiyat edirlər. Düzdür, o vaxt bu anlaşmanı Rusiya ilə Almaniya bağlamışdı, amma indi Fransanın da bu təşəbbüsə əl ata biləcəyindən çəkinirlər və haqsız da deyillər. Üstəlik, ABŞ Avropaya öz LNG qazını Şərqi Avropa ölkələri üzərindən paylaşdırmaq istəyir. Beləcə, Şərqi Avropa ölkələrinin qitədəki rolunun artırılması və ABŞ-a bağlı qalması Vaşinqtonun əsas strateji xəttidir. Bu da Polşa, Ukrayna və Baltikyanı ölkələrin maraqlarına tam cavab verir. Arada Rusiyanın ən yaxın müttəfiqi sayılan Belarus da bu təşəbbüsə qoşulmaq istədi və Rusiya tərəfindən cəzalandırıldı. Bu baxımdan Şərqi Avropa ölkələrinin, o cümlədən Pribaltikanın Fransız “şokalad”ına aldanacağına inanmıram”.

Aydəm İsmayılov dünyanın yenidən bölüşdürülməsi və yeni münasibətlər sisteminin yaranmasında Türkiyə ilə Azərbaycanın qarşısında yeni fürsətlər doğduğuna inanır və iki qardaş ölkənin xarici siyasətdə qüvvələrini birləşdirməsini alqışlayır: “Bilirsiniz ki, Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə dünən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinar keçirildi. Bu vebinarda tərəflər yaranmış yeni geosiyasi qütbləşmədə birgə fəaliyyət göstərməyi qərarlaşdırdılar. Hesab edirəm ki, günün reallığı da bu hədəfə uyğundur və rəsmi Bakı bu istiqamətdə fəaliyyətini gücləndirməlidir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
DÜNYA