axin.az

SON DƏQİQƏ

MEHRİBAN ƏLİYEVA: SİYASƏT QANUNLARINDA MƏNƏVİYYATIN TƏZAHÜRÜ

26-08-2020, 13:23

MEHRİBAN ƏLİYEVA: SİYASƏT QANUNLARINDA MƏNƏVİYYATIN TƏZAHÜRÜ
Tarixdə Azərbaycan qadınının qəhrəman obrazı. Əsrlər boyunca bəşəriyyətin kişi yarısının ən tərəqqipərvər hissəsi yorulmadan qadınlardan, onların gözəlliyindən, unikallığından və sirliliyindən vəcdə gəlib. Tam qanunauyğundur ki, bəşəriyyətin bu yarısı həyatın qadınlar olmadan mənasız olacağını güman edir. Qadın təbiətinin parlaqlığı və əsrarəngizliyi min illərdir ki, bəşər tarixinin kifayət qədər tutqun fonunda bərq vurur və sanki mirvari dənələri kimi bu dünyanın qəddarlığını kor edərək, ona mükəmməllik və harmoniya əlavə edirlər.
Lakin qadın öz üzərinə siyasətçi və rəhbər yükünü götürürsə, onun missiyası özündə bəzi istisnalarla mənəviyyat da daşıyır ki, bu barədə ABŞ-ın banilərindən biri Bencamin Franklin bu cür parlaq ifadə işlədib: “Qanunlar siyasətdə mənəviyyatsız nə edə bilər ki? Mən qadınlar haqqında danışıram...”
Azərbaycan xalqının tarixi dünyaya böyük qadın nümunələrini – onları əhatə edən mühiti dəyişən, öz fəaliyyətləri ilə insanların şüuruna tərəqqi, sivil başlanğıc, sevgi və harmoniya qatan siyasətçiləri, alimləri, mütəfəkkirləri dəfələrlə nümayiş etdirib.
Oxucu bu sətirlərin dürüstlüyünə şübhə ilə yanaşmasın deyə, öz müdrikliyi və uzaqgörənliyi ilə dövlətin idarə edilməsində fəal iştirak etmiş Ağqoyunlular dövlətinin başçısı Uzun Həsənin anası Sara Xatunu misal gətirmək kifayətdir. Bu, dövlətin möhkəmləndirilməsində, xarici ölkələrlə diplomatik əlaqələrin qurulmasında böyük rol oynayıb. İlk qadın diplomat kimi yalnız Azərbaycanın deyil, həm də bütün Şərqin tarixinə daxil olaraq, məhz o, orta əsrlərin Teymurilər hakimi Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi despotik və güclü hökmdarları ilə danışıqlar yolu ilə onların rəhbərlik etdikləri dövlətlərlə toqquşmaların qarşısını ala bilib. Elə məhz bu, Uzun Həsənin 1473-cü ildə osmanlılarla Malatya yaxınlığındakı döyüşdə parlaq qələbə qazanmasına zəmin yaratmışdı.
Yaxud da dahi şairə, qeyri-adi rəssam, gözəl usta və Azərbaycan şairlərinin, yazıçılarının və bəstəkarlarının bütöv bir nəslinin mənəvi rəhbəri olmuş Xurşudbanu Natəvan. Dahi Aleksandr Dümanı yalnız özünün parlaq, Leonardo da Vinçinin fırçasına layiq kübar görkəmi ilə deyil, həm də dərin və hərtərəfli biliyi ilə valeh etmiş Azərbaycan qadını. Sözün bütün mənalarında dəbdəbəli dahi yazıçını şahmatda məğlub edərək, Natəvan həmin şahmatı böyük yazıçıdan hədiyyə olaraq qəbul etmişdi.
Bu baxımdan XI əsrin görkəmli şəxsiyyəti – Müsəlman İntibahının parlaq nümayəndəsi, şairə Məhsəti Gəncəvi seçilir. Gənc yaşlarında o, öz şeirləri və rübailəri ilə məşhurlaşmış, Gəncə sultanı Məhəmmədin sarayındakı şeir məclislərində iştirak etmişdi.
Azərbaycan xalqının siyasi, fəlsəfi, elmi düşüncəsinin sürətli yüksəlişi ilə əlamətdar olan XX əsr ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafın bütün sahələrində böyük qadın təmsilçilərinin bütöv bir nəslini doğurub.
Vətən tarixinə qızıl hərflərlə yazılmış bir çox adları xatırlamaq olar.
Azərbaycan oftalmologiyasının qiymətsiz inkişaf vektorunu müəyyənləşdirmiş, qadınların respublikanın ictimai-siyasi proseslərində iştirakına böyük təkan vermiş akademik Zərifə xanım Əliyeva.
Azərbaycanda müasir şərqşünaslıq elminin əsaslarını qoyanlardan biri olmuş akademik Aida xanım İmanquliyeva geridə qalmış yüzilliyin ikinci yarısının emansipasiya tərəqqisinin zirvəsini təcəssüm edərək, özünün tədqiqatları ilə ərəbşünaslıq kimi elmin çox zərif sahəsini xeyli zənginləşdirib, Ərəb Şərqi dövlətlərinə münasibətdə gələcək Azərbaycan diplomatiyasının nəzəri əsaslarını yaradıb.
Azərbaycanın gələcək müstəqil xarici siyasət sahəsinin özülünü qoyanlardan biri, görkəmli siyasi xadim, sovet dövründə respublikanın xarici işlər idarəsinin onillər boyunca başında durmuş qadın – Tahirə Tahirova! O, Azərbaycan qadınının dövlət idarəçiliyi proseslərinə qoşulmasının simvolu idi. Və bir çox digər qadınlar...
Yeni dövrün Azərbaycan qadınının mükəmməlliyinin təcəssümü. Yeni eranın, yeni minilliyin başlanğıcını qoymuş hazırkı əsr daha mürəkkəb, dinamik, texnologiyalar tərəfindən indiyə kimi dünya tarixində misli görünməmiş kriterilər irəli sürür ki, bunların nəzərə alınmaması istənilən cəmiyyətin hərtərəfli tənəzzülünə gətirib çıxara bilər.
Prezident İlham Əliyev başda olmaqla əsasının dahi Heydər Əliyev tərəfindən qoyulduğu müasir Azərbaycan dövlətçiliyinə rəhbərlik öz fəaliyyəti ilə bu kəmiyyətləri dövlət siyasəti səviyyəsinə yüksəldir, respublikanın inkişafının bütün sahələrinin davamlı, qanunauyğun tərəqqisini təmin edir. Ölkəmizin bəşər sivilizasiyası piramidasının yüksəkliklərinə möcüzəli intibahının və intensiv yüksəlişinin bu cür münbit axınında, Azərbaycanda tarixi proseslərin pozitivliyini müəyyən edən qadın təsiri ənənələrini layiqli davam etdirməkdə, respublikanın vitse-prezidenti, onun birinci xanımı Mehriban xanım Əliyevanın rolu əvəzsizdir.
Budaqlarının xalqımız üçün Vətəninə xidmətin görkəmli yazıçı Mir Cəlal Paşayev, istedadlı jurnalist, alim-ictimaiyyətşünas Nəsir İmanquliyev kimi nümunələrini bəxş etmiş şərəfli genetik şəcərənin daşıyıcısı olmaqla, Mehriban xanım səylərini hansı istiqamətdə sərf edirsə, orada müvəffəqiyyətə və tərəqqiyə nail olur.
90-cı illərin əvvəllərindəki mürəkkəb və ziddiyyətli dövrdə elan edilmiş, həqiqi banisi olan Heydər Əliyevin titanik səyləri nəticəsində özülü qoyulmuş müstəqil Azərbaycan Respublikasında 2003-cü ildən sonra daxili və xarici siyasi kursun davamlılığını təmin etmək zəruri idi. Bu mənada Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox böyük əhəmiyyəti vardı. Məhz bu mərkəz, Heydər Əliyevin hazırladığı dövlət quruculuğu təcrübəsini yayaraq, onun müasir sosial, iqtisadi, xarici, mədəni siyasətdə təcəssüm tapmasını təmin edir. Bu postda Mehriban xanımın humanistliyi və insansevərliyi, onun uşaqlara və ölkəyə isti münasibəti xüsusilə parlaq şəkildə təzahür etdi.
Fondun fəaliyyət göstərməsinin daxili aspektindən savayı, onun fəaliyyəti dövlətimizin sərhədlərini minlərlə mil məsafədə aşdı və Pakistanda, Rumıniyada, İtaliyada, Fransada, Haitidə, Rusiyada və başqa ölkələrdə humanitar layihələrin miqyası ictimai-siyasi, sosial, iqtisadi və mədəni tərəqqinin bütün sahələrində dəyişikiklərin ən modernist konsepsiyalarının maddiləşməsində nəhəng sıçrayışı nümayiş etdirdi.
Ələlxüsus, Pakistanda Fond 2007-ci ildə Müzəffərabad şəhərinin Rara qəsəbəində zəlzələ nəticəsində dağılmış qadın məktəbinin tikintisində fəal şəkildə iştirak etdi. Məktəb tamamilə yenidən qurulmuş, təmir edilmiş və avadanlıqlarla təchiz olunmuş, tədrisdə fərqlənən tələbə qızlara stipendiyalar təqdim olunmuşdu.
Vatikanda Fondun təşəbbüsü ilə bütün xristian aləmi üçün böyük əhəmiyyətə malik Müqəddəs Marçellino və Pyetronun katakombaları bərpa edilmişdi. Heydər Əliyev Fondunun bu addımı müasir Azərbaycanın dövlət siyasəti kimi multikulturalizmin nadir nümunəsi olaraq İtaliya mətbuatında geniş işıqlandırılmışdı.
Azərbaycanı Yer kürəsinin müxtəlif nöqtələrində fədakarcasına təbliğ edərək və şöhrətləndirərək, Mehriban Əliyeva siyasətin doğma xalqa sevgiyə çevrilən xeyriyyəçiliklə və yardımsevərliliklə möcüzəli çulğalaşmasını təmin edə bilib. Bundan savayı, həmin layihələr milli-mənəvi ideyalara, humanist dəyərlərə sadiq yeni nəslin formalaşmasına, sivilizasiyalararası dialoqun təşviqinə, dünyaya Azərbaycan gerçəklərinin çatdırılmasına yönəlmişdi.
Şübhəsiz ki, Azərbaycan xalqının ilhamı həm Avropa, həm də Şərq olmaqla, dünya mənbələrindən qaynaqlanır. Bütün dövrlərdə bizim mənəvi, mədəni irsimiz bu və ya digər səviyyədə sivil inkişafın ümumbəşəri məxəzləri sisteminə inteqrasiya olunub.
Lakin bu sahə parlaq bir lalə gülü kimi Azərbaycanın əsl müstəqilliyini ələ etməsindən sonra əsl mənada qönçələrini açdı. Burada ölkəmizlə UNESCO arasında münasibətlərin inkişafında və möhkəmlənməsində nəhəng əməyi olmuş Mehriban xanımın rolu danılmazdır. Onun təşəbbüsü və dəstəyi ilə Bakıda Azərbaycanla UNESCO arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün bir sıra beynəlxalq tədbirlər keçirilib. Xoş məramlı səfir kimi onun xeyriyyəçilik fəaliyyəti qısa zaman ərzində Azərbaycanın hüdudlarını aşdı, bir çox xarici ölkələri əhatə etdi. Təsadüfi deyil ki, bu humanizm və gerçəkləşdirilən qlobal layihələr yalnız Azərbaycan xalqı tərəfindən deyil, bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Özünün yorulmaz, müstəsna intellektual məzmunlu iştirakı ilə Mehriban xanım Əliyeva UNESCO-nun xoş məramlı səfirlərinin toplantılarında, təşkilatın nüfuzlu tədbirlərində, keçirdiyi görüşlərdə dünya ictimaiyyətinin diqqətini Azərbaycan Respublikasında təhsilin, mədəniyyətin, incəsənətin mürəkkəb problemlərinin müsbət həlli təcrübəsinə yönəldib. Ələlxüsus da, dünya səviyyəli dahi dövlət xadimi Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin dövləti idarə etdikləri dövrdə.
Bu tədbirlərdə onun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltması, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində statusunun müəyyənləşdirilməsi və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən tarixi-mədəni abidələrinin barbarcasına dağıdılmasının qarşısının alınması kontekstində ədalətli həllinə səsləyən alovlu çıxışları əks-səda doğurub.
Azərbaycan muğamının, Qobustan dövlət tarixi-bədii qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar saray kompleksinin UNESCO-nun dünya mədəni irsi siyahısına, aşıq, xalça sənətinin, tar ifaçılığı sənətinin, Novruz bayramının, dolmanın, lavaşın, kəlağayının, Lahıc misgər sənətinin, Çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısına daxil edilməsi Mehriban xanımın daimi səylərinin nəticəsidir.
Bütün bunlar və digər bir çox işlər onun beynəlxalq nüfuzunun inanılmaz dərəcədə möhkəmlənməsi, UNESCO-nun xoş məramlı səfirləri arasında mövqeyinin fundamentallığına səbəb oldu.
Hələ 2010-cu ilin iyulunda Qəbələdə ikinci beynəlxalq musiqi festivalında iştirak edən UNESCO-nun keçmiş baş direktoru İrina Bokova xoş məramlı səfir Mehriban xanım Əliyevaya “Qızıl Motsart” medalını təqdim etmişdi. O, bu mükafata bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması, mədəniyyətlərarası dialoqun inkişafı naminə səyləri, mədəni müxtəlifliyin möhkəmlənməsi naminə gördüyü işlərə görə layiq görülmüşdü.
“Bakı-2015” ilk Avropa Oyunlarının təşkilində Mehriban xanımın titanik fəaliyyəti yüksək səviyyəli qitə miqyaslı idman tədbirlərinin keçirilməsində görünməmiş uğura səbəb olmuş və respubikanın ali mükafatı – Heydər Əliyev ordani ilə təltif olunmaqla yekunlaşmışdı. Təşkilat Komitəsinin sədri kimi Mehriban xanıma hər bir azərbaycanlı üçün müqəddəs olan bu hökumət mükafatını təqdim edərkən Prezident İlham Əliyev onun “Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafındakı məhsuldar fəaliyyətini, beynəlxalq miqyasda Azərbaycan xalqının mədəni irsinin geniş təbliğatında və ilk Avropa Oyunlarının təşkilində böyük xidmətlərini” vurğulamışdı.
Bu, Mehriban xanım tərəfindən böyük idmana diqqətin və bilavasitə qayğının yeganə təzahürü deyil. Azərbaycanda gimnastikanın inkişafında onun – ölkənin Gimnastika Federasiyasının prezidentinin böyük rolu var. Bu barədə “Trend” agentliyinə müsahibəsində Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyeva bunları deyib: “Heç kim Mehriban Əliyeva kimi işləmir və inkişaf üçün imkanlar təqdim etmir. Bu, obyektiv reallıqdır. Biz 5-10 il əvvəl olanlarla bu gün olanları müqayisə etsək, bunu aşkar görərik. Bütün bu illər ərzində bizim dəstəyimiz olub və çox vacib şərtdir ki, mənəvi dəstəyimiz olub. Biz hər dəfə medallarla qayıtmamışıq, uğursuz günlər də olub. Lakin biz həmişə Mehriban Əliyevanın dəstəyini hiss edirik, o, hər zaman yanımızdadır...”
Respublikada bədii gimnastikanın inanılmaz intensiv sıçrayışında Mehriban Əliyevanın əsas rol oynaması barədə daha böyük şövqlə bədii gimnastika üzrə məşhur rusiyalı məşqçi İrina Viner-Usmanova bəhs edir: “Azərbaycanda bədii gimnastikanın çox böyük tarixi var. Vaxtilə orada məşhur gimnast qızlar olub. Mehriban xanım bütün bunları qaldırmağa qərar verdi və məni çağırdı ki, nə etmək lazım olduğu barədə məsləhətləşək. Biz birlikdə işləməyə başladıq və Azərbaycan komandası üç il dünya çempionatlarında komanda hesabında mükafatçılar sırasında yer tutdu. Çox güclü gimnast qızlar peyda oldu. Aliyə Qarayeva Londondakı Olimpiya Oyunlarında 4-cü yeri tutdu, Azərbaycan komandası ilk dəfə qrup hərəkətlərində Olimpiya Oyunlarına vəsiqə qazandı. Deyə bilərəm ki, Azərbaycanda gimnastika üçün yaradılan bu şərait bəhrəsini verir”.
Sonradan, vitse-prezident olaraq Mehriban Əliyeva özünün nəhəng bacarıqlarının tətbiqi üçün daha bir nöqtəni fəallaşdırır. Özünün elmi əsaslandırılmış, təcrübə ilə sıx bağlı olan düşüncələri ilə o, ölkəmizin inkişaf strategiyasının həyata keçirilməsinə təkan verir. Birinci vitse-prezident qismində onun keçirdiyi ilk müşavirə cəmiyyətin ən zəif təbəqələrindən biri olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə həsr edilmişdi. Sonra o, Azərbaycan ordusunun 2016-cı ilin Aprel döyüşlərində yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşdü. Onun tapşırığı ilə sağlamlıqlarını itirmiş bu hərbçilər yüksək texnoloji protezlərlə təmin edilmişdilər.
Hazırda Azərbaycan dövlətçiliyinin inkişaf sahələri arasında eləsini tapmaq çətindir ki, burada Mehriban xanımın intellektual səyləri ilə əlavə olunmuş pozitiv seqment olmamış olsun. O, dünyanın demək olar ki, bütün ölkələrində, xüsusilə, ABŞ-da, Avropada, Rusiyada və postsovet məkanında görkəmli dövlət-siyasi xadim kimi tanınıb.
Buna parlaq nümunə kimi Mehriban Əliyevanın 21-24 noyabr tarixlərində Rusiyaya rəsmi səfərini göstərmək olar. O, prezident Vladimir Putinlə görüşüb və onun tərəfindən iki ölkənin münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə Dostluq ordeni ilə təltif edilib. Bundan əlavə, Əliyevanın Rusiya hökumətinin başçısı Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri keçirilib. Öz səfəri çərçivəsində Əliyeva bərpa olunmuş “Azərbaycan” pavilyonunun açılışında iştirak edib.
Özünün Moskvaya rəsmi səfərinin yekunları barədə danışarkən, Mehriban xanım TASS-ın baş direktorunun müavini Mixail Qusmana TASS, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində qeyd edib: “Bizim ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi xarakterizə edirik. Hesab edirəm ki, ölkələrimiz arasında münasibətlər hazırda özünün bütün tarixi boyunca ən yüksək səviyyədədir... Azərbaycanı Rusiya ilə uzun tarixə malik dostluq və mehriban qonşuluq ənənələri bağlayır, ölkələrimiz dinamik şəkildə inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır... Bu görüş əsnasında Rusiya Federasiyasının prezidenti mənə Dostluq ordeni təqdim edib. Mənim üçün bu mükafatı almaq böyük şərəfdir, mən bunu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm və əlbəttə, şadam ki, strateji əməkdaşlığımızın inkişafı işində mənim də kiçik payım var”.
Öz xalqının ağrılarını, qüssəsini, çətinliklərini özündə əks etdirən, onunla birgə sevinən və kədərlənən qadın ən gözəl təşbehlərə layiqdir. Lakin Mehriban xanım Əliyeva gözəl cinsin nümayəndələrinin nadir kateqoriyasına mənsubdur ki, heç bir tərifə məhəl qoymadan, nəfsinə qalib gələrək, Azərbaycan xalqının bəşəriyyətin sivil inkişaında zirvələri fəth etməsi üçün əlindən gələni edir. Dərin intellektual, fəlsəfi düşüncə tərzinə malik olaraq, o, daim Vətəninə fədakarcasına xidmət etməyə hazır olduğunu nümayiş etdirir və Uelsli Diananın qeyd etdiyi kimi, “fəlsəfi düşüncə tərzi başqalarının ağrısını hiss etmək incəsənətidir”.
ADƏM İSMAYILOV
Politoloq, fəlsəfə elmləri doktoru

MEHRİBAN ƏLİYEVA: SİYASƏT QANUNLARINDA MƏNƏVİYYATIN TƏZAHÜRÜ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA