“Rabitəbank” ASC 2019-cu ili 11,119 milyon manat mənfəətlə başa vurub.
“Axin” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 3,6 dəfə çoxdur.
Ötən il “Rabitəbank”ın gəlirləri 51,998 milyon manat (illik müqayisədə 13,9% çox), xərcləri 40,543 milyon manat (9,7% çox), xüsusi ehtiyatlara ayırmaları isə 335 min manat (94% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Rabitəbank”ın aktivləri 739,984 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,2% azdır. Bunun 352,905 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 25% böyüyüb.
Hesabat dövründə “Rabitəbank”ın öhdəlikləri 6,4% azalaraq 638,623 milyon manata, o cümlədən depozit portfeli 15,3% azalaraq 500,871 milyon manata düşüb, balans kapitalı isə 12,9% artaraq 101,361 milyon manata çatıb.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 1,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.