axin.az

SON DƏQİQƏ

Karantin yumşalır, dollara tələbat artır - GƏLİŞMƏ

16-05-2020, 18:05

Karantin yumşalır, dollara tələbat artır - GƏLİŞMƏAzərbaycanda dollara tələb getdikcə artmaqdadır.

Bunu valyuta hərraclarının nəticəsi də təsdiq edir. Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan bildirilib ki, ABŞ dollarına tələb mayın 12-nə nisbətən 6,8 milyon ABŞ dolları və yaxud təxminən 14,2% artaraq 54,7 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Məlumdur ki, hazırda Bakı da daxil olmaqla ölkənin bir sıra böyük şəhər və rayonlarında karantin rejimi qalmaqda davam edir. Xarici turizm göstəcilərinin sıfırlandığını demək mümkündür, eləcə də əcnəbi ölkələrə digər təhsil, səhiyyə məqsədli səfərlər mümkün deyil.

Belə olan halda, dollara tələbatın artmasını şərtləndirən amillər hansılardır və bunlar dolların bahalaşmasına rəvac verə bilərmi?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dollara tələbin artmasını şərtləndirən əsas amil karantin tədbirlərinin nisbətən yumşalmasıdır:

“Bir qədər əvvəl karantinlə əlaqədar olaraq dollara tələbat aşağı düşmüşdü, aprel ayının ortalarında iş yerləri qapalı idi, işgüzar həyat tamamilə donmuş vəziyyətdə idi, insanların evdən çıxmasında ciddi problemlər var idi. İndi isə böyük “mall”lardan, ticarət mərkəzlərindən başqa digər ticarət obyektləri açılıb. Bu cür obyektlərin isə öncədən aldıqları məhsullara görə borcu yaranıb. Azərbaycan idxaldan kəskin formada asılı olan bir dövlətdir. İstənilən iqtisadi aktivlik dollara tələbatı yüksəldir. Əgər iyun ayının 1-dən karantin rejimi tamamilə ləğv edilərsə, dollara tələbatın artımı daha da sürətlənəcək”.

Natiq Cəfərli bildirir ki, dollara tələbin artmasının ikinci səbəbi bankların bağlanmasıdır:

“4 bankın bağlanması insanlarda maliyyə sektorunda daha böyük problemlərin yaşana bilməsi ilə bağlı ciddi sarsıntı yaratdı. Bu da insanların əlində, hesablarında olan manat resurslarının dollara çevirməsinə səbəb oldu. Əslində, bankların bağlanmasının psixoloji nəticələrinin olacağını əvvəlcədən də bildirmişdik”.

İqtisadçı aprel ayında və mayın əvvəllərində dollara tələbin azalmasının pozitiv hal kimi qələmə verildiyini deyərək, bildirdi ki, əslində, pozitiv deyil, neqativ haldır:

“Bu iqtisadi aktivliyin azalması deməkdir. İqtisadi aktivliyinin azalması iş yerlərinin itirilməsi, idxal məhsullarının gətirilməsi, satışı ilə məşğul olan insanların gəlirlərinin azalması deməkdir. Bundan sonra da dollara tələbat artacaq. Çünki elə sahələr var ki, 100 faiz idxaldan asılı vəziyyətdədir. Karantin rejimi zəiflədikcə dollara tələbatın artımı gözlənilir. İndiki neft qiymətləri ilə də uzun zaman manatın məzənnəsinin saxlanması çətin görünür. Qonşu ölkələrdə ciddi devalvasiyalar var, mart ayından etibarən 10-20 faiz milli valyutaların düşməsi müşahidə olunur ki, bu da idxalı stimullaşdırır. Bunlar kompleks şəkildə valyutaya tələbatın artmasını şərtləndirir”.

Natiq Cəfərli hesab edir ki, valyutaya tələbin artmasında manata olan münasibətin dəyişməsinin də rolu var:

“Neft qiymətlərinin düşməsi və qonşu ölkələrdə valyutaların dəyər itirməsi manata basqıları artırıb. Bankların bağlanması və manatın gələcəyi ilə bağlı qeyri-müəyyənliyin olması manata güvənin azalmasına səbəb olur. 3 ilə yaxındır ki, manatın məzənnəsi süni inzibati qaydada sabit saxlanılır. Bunun uzun zaman sürəcəyini düşünmürəm, çox güman ki, əhali də belə düşünür. Manata güvənin azalması valyutaya keçidlərə səbəb olur”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA