"Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq barədə planlarını elan etməsi ən yaxşı variant deyil".
“Axin.az”in “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, razılaşdırılmış hasilat səviyyəsinin saxlanılması daha yaxşı olardı.
Nazir həmçinin qeyd edib ki, Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin nazirləri ilə məsləhətləşmələri dəstəkləyir.
"Biz Səudiyyə Ərəbistanının öz məhsullarına qiymətləri xeyli aşağı saldığını gördük. Yəni mahiyyətcə, məhsullarını tanıtmaq təşəbbüsünü irəli sürməklə, hasilatınının artdığını elan etdi. Biz hesab edirik ki, bu şəraitdə bu ən yaxşı seçim deyil. İstehsal səviyyəsini bu ilin birinci rübündə əldə olunmuş səviyyədə saxlamaq düzgün olardı və biz ümumi razılaşma çərçivəsində belə bir təşəbbüs göstərdik. Ancaq təəssüf ki, tərəfdaşlarımız təklifimizlə razılaşmayıb",- deyə rusiyalı nazir bildirib.
Qeyd edək ki, OPEC+ formatı çərçivəsində hazırki razılaşma gündəlik hasilatın 1,7 mln. barel azalmasını nəzərdə tutur və bu sazişin müddəti bu ayın sonunda bitir. Lakin martın 6-da Vyanada keçirilən görüşdə sazişin gələcəyi ilə bağlı razılığa gəlinməyib. Görüşdən öncə neft hasilatının gündəlik daha 1,5 mln. barel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təklif edilib.
OPEC+ çərçivəsində razılığın əldə olunmamasından sonra dünya bazarında neftin qiyməti kəskin azalmağa başlayıb.