Bu gün dünyada bərpa olunan enerji mənbələrindən istifadə sürətlə artmaqdadır. 2019-cu ildə Avropanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payı 34,6% olub. Hazırda Avropanın ev təsərrüfatı və iş mərkəzləri əsasən külək və günəş enerjisindən istifadə edir. Dünya üzrə bir neçə ölkənin enerji sərfində bərpaolunan enerjidən istifadə 50%-i ötüb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50% artaraq 3 721 qiqavata çatacaq. Şirkətlər arasında da bərpa olunan enerjiyə investisiya yatırmağa maraq artmaqdadır. Belə ki, ötən il 23 ölkənin 100 şirkəti 19,5 qiqavat gücdə təmiz enerji üçün müqavilələr imzalayıb ki, bu, 2018-ci ildən 44% çoxdur. “Google”, “Facebook”, “Amazon” kimi şirkətlərlə yanaşı, karbohidrogenlərin hasilatı ilə məşğul olan nəhəng enerji şirkətləri də bu enerji növünə investisiyalar edir.
Bəs bərpa olunan enerji mənbələrinə hansılar daxildir və ondan istifadəyə marağın artması nə ilə bağlıdır?
Bərpa olunan enerjiyə günəş, külək, dalğa, geotermal enerji, su, biokütlə və digər mənbələrdən alınan enerji daxildir. Karbon emissiyalarının azaldılması, qlobal iqlim dəyişmələrinə töhfə olaraq enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması bir çox ölkə üçün vacib hədəflərdəndir. Dünyada bərpa olunan enerjiyə keçid bir çox ölkələrdə kömürdən istifadəni azaldaraq havaya atılan çirkli tullantıların azalmasına səbəb olur və ekologiyaya böyük fayda verir. Buna görə də iqlim şəraitindən, potensialından asılı olaraq ölkələr geotermal mənbələr, günəş, külək, biokütlə və s. kimi təbiətdə daim baş verən proseslərdən istifadə edərək enerji alırlar.