axin.az

SON DƏQİQƏ

Qeyri-neft sektorunda 9,2 faiz çox toplanan vergi - Azərbaycan neft “iynə”sindən xilas olur?

13-02-2020, 21:50

Qeyri-neft sektorunda 9,2 faiz çox toplanan vergi - Azərbaycan neft “iynə”sindən xilas olur?Neft olmadan Azərbaycan iqtisadiyyatının inkişafını təmin etmək mümkün görünür?..Sabiq maliyyə naziri: “Son bir ildə vergi yığımları sahəsində baş verən keyfiyyət dəyişiklikləri qeyri-neft sektorundan vergi daxilolmalarının artması ilə nəticələnib”.

“İqtisadiyyatın neftdən asılılığını yalnız belə artım templəri ilə optimal həddə qədər azaltmaq mümkün ola bilər”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov Azərbaycanda 2019-cu ildə toplanmış verginin 71 faizinin qeyri-neft sektorunun payına düşməsini PİA.az-a şərh edərkən qeyd edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar keçirilən “Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” adlı konfransda deyib ki, 2019-cu ildə vergi daxilolmaları 2018-ci ilə nisbətən 3,5 faiz və ya 257 milyon manat çox olub. Xüsusilə qeyri-neft sektorunda 9,2 faiz və ya 458 milyon manat çox vergi toplanıb. Bu sektordan daxilolmaların nominal artım tempi ÜDM-in nominal artımını 2 faiz üstələyib. Bu da vergidənyayınma hallarının azaldılmasında yerli inzibatçılığın keyfiyyətinin artmasını göstərir.



Nazir qeyd edib ki, toplanmış vergilərin 71 faizi qeyri-neft sektorunun payına düşüb, özəl sektorun payı isə 76,4 faiz təşkil edib. 2005-ci ildən bu vaxtadək ilk dəfə olaraq ötən il qeyri-neft sektorunda vergi yığımı proqnozunun ən yüksək göstəricisinə (109 faiz) nail olunub. Son iki ildəki nailiyyətlərdən biri də artıq ödəmə məbləğlərinin 720 milyon manat azaldılması olub. Başqa sözlə, təkcə ötən il vergi orqanları 224 milyon manat həcmində artıq ödəmələri azaltmaqla yanaş, həm də vergi proqnozlarını 105 faiz artıqlaması ilə yerinə yetirib.

Bu onu deməyə əsas verirmi ki, artıq Azərbaycan neft “iynə”sindən xilas olur? Ümumiyyətlə neft olmadan Azərbaycan iqtisadiyyatının inkişafını təmin etmək mümkün görünür?

Mövzunu PİA.az-ın əməkdaşı “Ekonomiks” Beynəlzalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovla müzakirə edib.



Fikrət Yusifov: “Qarşıda iqtisadiyyatın qeyri-neft sektorunun artım sürətini iki rəqəmli göstərici səviyyəsinə yüksəltmək qədər mühüm vəzifə durur”.

Bu gün qeyri-neft sektorundan ixracın ümumi idxalımızın 14-15%-həcmində olmasını yetərli saymayan sabiq maliyyə naziri PİA.az-a açıqlamasında bildirib ki, neftin qiymətlərinin bir ay ərzində bəzən 25%-ə qədər azala bildiyi indiki dönəm kifayət qədər kövrək və riskli hesab edilməlidir:

“Son bir ildə vergi yığımları sahəsində baş verən keyfiyyət dəyişiklikləri qeyri-neft sektorundan vergi daxilolmalarının artması ilə nəticələnib. Bu bütövlükdə iqtisadiyyatın real sektorunun arzu olunan inkişaf səviyyəsinə yüksəlməsi üçün yaxşı zəmin yaradılması deməkdir. Ancaq qətiyyən arxayınlaşmaq olmaz, çünki bu sadəcə başlanğıcdır. Qarşıda iqtisadiyyatın qeyri-neft sektorunun artım sürətini iki rəqəmli göstərici səviyyəsinə yüksəltmək qədər mühüm vəzifə durur.



İqtisadiyyatın neftdən asılılığını yalnız belə artım templəri ilə optimal həddə qədər azaltmaq mümkün ola bilər. Bu gün qeyri-neft sektorundan ixracın ümumi idxalımızın 14-15%-həcmində olması yetərli sayıla bilməz. Neftin qiymətlərinin bir ay ərzində bəzən 25%-ə qədər azala bildiyi indiki dönəm kifayət qədər kövrək və riskli hesab edilməlidir.

Yeganə doğru yol xarici və daxili investisiyaları böyük həcmlərdə cəlb etməyin yeni - daha optimal üsullarını arayıb ortaya qoymaqdan keçir”.

Nərminə UMUDLU


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA