Mingəçevir yüksək texnologiyalar parkının rezidenti olan “HTech Invest” dünyanın aparıcı İT avadanlıq istehsalçılarından biri olan ACER-in dəstəyi ilə 2016-cı ildən etibarən Azərbaycanda stolüstü kompüter, nettop və monoblokların istehsalını həyata keçirir.
Şirkət başlıca və mühüm vəzifələrindən biri kimi böyüməkdə olan bazarın tələbatını təkcə kəmiyyət baxımından ödəməkdə deyil, həmçinin “Made in Azerbaijan” adı altında yüksək keyfiyyətli məhsul istehsal etməkdə və həmin məhsulların xarici ölkələrə satışını və ixracını gerçəkləşdirməkdə görür.
2017-ci ilin dekabr ayında 23-cü beynəlxalq “Bakutel” sərgisində şirkətin məhsulları ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva “HTech Invest”in ilk nailiyyətlərini təqdirə layiq dəyərləndirib və istehsalatın gələcək inkişafı və genişlənməsi üçün müvafiq tövsiyələrini veriblər.
“HTech Invest” şirkətinin kommersiya direktoru Lətif Məhərrəmovun bildirdiyinə görə, 2019-cu ili şirkət üçün uğurlu il saymaq olar. Belə ki, il ərzində 10 min ədəd ACER kompüteri istehsal olunaraq realizə edilib. Bu günə kimi şirkətin istehsal etdiyi məhsullar yüz minlərlə ABŞ dolları məbləğində Özbəkistan, Tacikistan və Qırğızıstana ixrac edilib. Hal-hazırda isə Tacikistan, Özbəkistan və Gürcüstandan daha min ədəd kompüterə sifarişlər alınıb.
“HTech Invest”də 40 nəfərə yaxın əməkdaş çalışır ki, onların da böyük əksəriyyəti Mingəçevir şəhərinin yerli sakinləridir. Şirkət bölgənin böyük vergi ödəyicisidir. 2019-cu ildə şirkət ölkə büdcəsinə 1.3 milyon manatdan çox maliyyə vəsaiti ödəyib. Bu uğurlu fəaliyyətin nəticəsi kimi L.Məhərrəmov başda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olmaqla bütün tərəfdaşlara və sifarişçilərə minnətdarlıq bildirərək deyib:
“Cari ildə biz artıq dörd dəfə zavodun məhsullarını ixrac etmişik, bu isə Azərbaycanın İT məhsulların etibarlı istehsalçısı kimi artan nüfuzunun bariz göstəricisidir. Yaxın gələcək üçün bizim əsas hədəfimiz İT məhsullarının ixracını milyonlarla ABŞ dolları məbləğinə artırmaqdır”.
29 fevral 2020-ci il tarixində “Buta Palace”da biznes sahəsində milli “Azeri Business Award” mükafatının təqdimat mərasimi keçirilib. Həmin tədbirdə 2019-cu ilin nəticələrinə görə, “HTech Invest” “İlin İT şirkəti” nominasiyasında “Azeri Business Award” mükafatı ilə təltif edilib.