İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş bizim həyət layihəsi çərçivəsində daha bir yenilənən həyət sakinlərin istifadəsinə veriləcək. Sözügedən layihə Nərimanov rayonu ərazisində həyata keçirilir. Burada bütün işlər tamamlanmaq üzrədir.
Axin.az xəbər verir ki, abadlaşma işləri yekunlaşan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb.
Həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri təmir olunub, qaz və su təchizat sistemləri yenidən qurulub, blok girişləri bərpa olunub, zirzəmilərin məişət tullantılarından təmizlənməsi işləri həyata keçirilib.
Əlavə olaraq gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün şahmat meydançası, velosiped yolu, uşaq meydançası salınıb. Buna ən çox sevinən isə uşaqlardır.
Layihənin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpa edilməsi, sakinlər üçün yaşam şəraitinin yaradılmasıdır. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.