Xəbər verildiyi kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkənin ikinci əsas şəhəri olan Gəncədən bütün seçki dairələrindən (cəmi 4 dairədən) namizədini irəli sürüb.
Etikxeber.az-ın xəbərinə görə, bunlar 5-ci dəfə seçkilərə qatılan YAP Siyasi Şurasının üzvü, parlamentin Səhiyyə komitəsinin sədr müavini, şair Musa Quliyev, ikinci dəfə seçkilərə qatılan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, ikinci dəfə namizədliyi irəli sürülən millət vəkili, prorektor Pərvin Kərimzadə, ilk dəfə seçki prosesinə qoşulan Cəfərov Müşviq Cəfər oğludur.
Qeyd edək ki, M. Cəfərov YAP tərəfindən millət vəkili, iş adamı və sabiq baş nazir Artur Rasi-zadənin qohumu olan Xanlar Fətiyevlə əvəzlənib.
Xatırladaq ki, P. Kərimzadə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi, N. Həmzəyev 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi, M. Cəfərov 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi, M. Quliyev isə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən seçkilərə qatılıblar.
Əldə etdiyimiz məlumata görə, bu gün hər 4 namizədin namizədliyi müvafiq Dairə Seçki Komissiyaları (DSK) tərəfindən təsqiqlənib.
Məlumatı deputatlığa namizədlərdən N. Həmzəyev də təsdiqləyib.
Qeyd edib ki, bu gün onların namizədlikləri müvafiq DSK-lar tərəfindən təsdiqləniblər.
Onu da qeyd edək ki, M. Quliyev 2-ci çağırışdan, 2000-ci ildən parlamentdə təmsil olunur.
MM-in Səhiyyə komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvüdür.
MM-də səhiyyə və sosial siyasətlə bağlı qəbul olunan qanun layihələrindən bir neçəsinin müəllifi və təşəbbüskarıdır.
Konkret olaraq, “Psixoloji yardım haqqında” qanun layihəsinin müəllifidir.
Eyni zamanda, Azərbaycan QDİƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvüdür.
MM-in Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Braziliya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Litva, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının təmsilçisidir.
Tibb elmləri namizədi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.
MM-in fəal və aktiv üzvlərindəndir.
P.Kərimzadə və N. Həmzəyev isə sonuncu-5-ci çağırış (2015-ci ildən) MM-in üzvləridir.
N. Həmzəyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.
P. Kəimzadə tarix üzrə fəlsəfə doktoru, dosent, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektorudur.
Bununla yanaşı, P. Kərimzadə MM-in Elm və təhsil komitəsinin, N. Həmzəyev Gənclər və idman, o cümlədən, İnsan hüquqları komitəsinin üzvüdür.
N. Həmzəyev həmçinin parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Avstraliya və Yeni Zelandiya, Azərbaycan-Çin, Azərbaycan-Gürcüstan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Latviya, Azərbaycan-Mavritaniya, Azərbaycan-Portuqaliya, Azərbaycan-Sloveniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna və Azərbaycan-İsveç işçi qrupunun üzvüdür.
Hər ikisi parlamentdə və mediada fəallığı ilə seçilən YAP-çı deputatlardandır…
İlk dəfə seçkilərə qatılan M. Cəfərovun 38 yaşı var.
Gəncə Şəhər Gənclər və İdman İdarəsinin rəisidir.