axin.az

SON DƏQİQƏ

Hava şəraiti dəyişən kimi “B” planı işə düşür - GİLEY

14-02-2020, 11:47

Hava şəraiti dəyişən kimi “B” planı işə düşür - GİLEYSıxıntıları bitib-tükənməyən Xırdalan şəhərinin ictimai nəqliyyat problemi də ayrı bir dərddir. Əvvəllər Xırdalandan paytaxt istiqamətinə bir neçə marşrut xətti vardı. Avtobusların sayı da çox idi. Hələ o zaman gedişhaqları da bahalaşmamışdı. Sakinlər kiçik məbləğə paytaxtın istənilən istiqamətinə doğru hərəkət edə bilirdilər. Lakin bu rahatlıq sonralar sakinlərin burunlarından fitil-fitil gəldi.

Belə ki, adi günlərdə belə, nəqliyyat sahəsində ciddi problemlər yaşanan Xırdalanda, hava şəraitinin kəskin dəyişməsi nəticəsində vəziyyət xüsusilə dözülməz çatır. Daha dəqiq desək, sürücülər “B” planını işə salırlar. Məsələn, normal günlərdə Xırdalandan “20 yanvar” metrostansiyasına və əks istiqamətə işləyən və el arasında “manatlıq” taksilər adı ilə məşhurlaşan taksi sürücüləri, bir az tıxac olan kimi gedişhaqqını 1 manatdan 2 manata qədər qaldırırlar. Lakin hava şəraitindən asılı olaraq bu taksilərdə gedişhaqları 3-5 manatadək qalxır. Belə olan halda da müştəri bilmir ki, Xırdalana gedir, yoxsa Şamaxıya.

Məlum məsələdir ki, “qəpiyə güllə atan” sərnişinlər belə olan halda ənənəvi üsula, yəni avtobuslara üstünlük verirlər. Lakin o boyda Xırdalandan paytaxt istiqamətinə cəmi bir marşrut xəttinin hərəkət etməsi, “manatlıq” taksi işgəncəsindən heç də fərqlənmir. 20-30 nəfərlik tutumu olan avtobuslara 50-60 nəfərin minməsi, üstəlik, Xırdalanın məşhur, diqqətdən kənarda qalmış xarabalıqları xatırladan yollarında tıxaca görə, 15-20 dəqiqəlik məsafənin 35-40 dəqiqəyə qədər uzanması faciənin digər hissələrindəndir.

Mən hələ, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xırdalanda apardığı naməlum “islahatlar”dan danışmıram. Onsuz da uzun müddətdir ki, bu təmir planı öz xilaskar funksiyasını layiqincə yerinə yetirmir deyə, danışmağa da ehtiyac yoxdur.

Yaxşı, bəs məşhur muzeylərdəki nadir ekspanatlar kimi cəmi bir marşrut xətti ilə paytaxt istiqamətinə hərəkət edən avtobus sürücüləri hansı səbəblərə görə, “manatlıq” taksilər kimi hava şəraitindən asılı olaraq intervalda dəyişiklik edirlər? Yoxsa bunun üçün göstəriş alırlar? Əslində, 3-5 dəqiqə intervalla dayanacaqlarda olmalı olan avtobuslar, hava şəraitinin cüzi dəyişməsi ilə intervalı 30-40 dəqiqəyədək uzadırlar.

Bakı Nəqliyyat Agentliyinin ənənəvi açıqlamasında deyilir ki, intervalın dəyişməsi sürüşkən havada avtobusların sürüşməməsi üçün, sürücülərin asta sürətlə idarə etmələri ilə əlaqədardır. Amma göydən bir damcı yağış düşən kimi, 3 dəqiqəlik intervalın 30 dəqiqəyə qədər uzanması heç bir məntiqə sığmır.

Müxtəlif iddialara görə, avtobus sürücüləri taksi sürücüləri ilə əlbir olaraq intervalı qəsdən uzadırlar. Ki, əhaliyə lazım olan məhsulları ucuz qiymətə alıb gizlədən və zamanı gəldikdə baha qiymətə satan möhtəkirlər kimi, taksilərin qiyməti qaldırmasına vəsilə olsunlar. Çünki 40 dəqiqəyə yaxın marşrut və taksi gözləyən insanlar gördükləri ilk taksiyə 3 manat da verər, 4 manat da. Yetər ki, işlərinə vaxtında yetişə bilsinlər.

Lakin avtobus sürücülərinin bu işdən qazancı nədir və həqiqət belədirsə, kimdən cəsarət alırlar, artıq bunu bir özləri bilir, bir də Allahları. Elə bu səbəbdən də sakinlər onları Allaha tapşırırlar... //ayna.az//


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA