Fevralın 6-da saat 15:20-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Nəsimi rayonunda, Akademik Həsən Əliyev küçəsi 1D ünvanında partlamamış əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Axin.az-a bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupunun, Nəsimi Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə doqquz mərtəbəli binanın liftinin şaxtasına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində RQD-5 əl qumbarası və boş patron lenti aşkarlanıb. Həmin qumbara zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaranın və patronların tapıldığı yerin ətrafında 20 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.