Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin alğı-satqısı ilə məşğul olan şəxsləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axin.az-a bildiriblər ki, Yardımlı rayonunun Məlikli kəndi ərazisində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş kənd sakini Zahir İbayev tutulub. Onun üzərində axtarış aparılan zaman 500 qram heroin və 600 qram tiryək aşkar edilərək götürülüb. Z.İsayev ifadəsində narkotik vasitələri həmkəndlisi Abbas Həşimovdan aldığını bildirib. Baş İdarənin əməkdaşları həmin şəxsi də saxlayaraq məsuliyyətə cəlb ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, A.Həşimov yaşadığı rayonda və ətraf bölgələrdə, həmçinin dəvət edildiyi İran ərazisində keçirilən toy məclislərində “Abbas Yardımlı” adı ilə tez-tez müğənni kimi iştirak edir. O, hər dəfə İran ərazisində olduğu toylardan qayıdan zaman gizli yolla satmaq məqsədi ilə narkotik vasitələr gətirib. Sonuncu dəfə isə A.Həşimov şəxsiyyəti istintaqa məlum olmayan “Xudayar” adlı İran vətəndaşı ilə gizli yolla razılaşaraq ondan satmaq niyyəti ilə külli miqdarda narkotik vasitə əldə edib. Daha sonra A.Həşimov narkotik vasitələri satmaq niyyəti ilə həmyerlisi Z.İbayevə verib.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.