axin.az

SON DƏQİQƏ

Hacıqabulda kəndlilərin günün qara edən “Qırmızı Vadi”

13-03-2020, 13:33

Hacıqabulda kəndlilərin günün qara edən “Qırmızı Vadi”Hacıqabul rayonun Meyniman və Axtaçı kəndlərində sakinlərin örüş sahəsi kimi istifadə etdikləri torpaqlar əllərindən alınıb. Dolanışıqları heyvandalıqdan çıxan kəndlilər mal-qaranı otarmağa otlaq tapa bilmirlər.

Virtualaz.org xəbər verir ki, bu barədə kənd sakinləri sosial şəbəkələrdə yerləşdirilmiş şikayətlərində bildiriblər. Onların sözlərinə görə, artıq bir müddətdir ki, kəndin ümumi istifadəsində olan otlaq sahələri Rəşad Şirinov adlı sahibkar tərəfindən icarəyə götürüb. Onun “Red valley” şirkəti kəndlilərin örüş yerlərində nar bağları salıb, onların uzun illərdir balıq tutduqları gölü hasarlayıb və iddia etdikləri kimi, qəbiristanlığa gedən yolu da kəsib.

“R. Şirinov bu torpaqları sabiq icra başçısı Əhməd Muxtarovdan alıb. Bizim heyvanımızı otarmağa yerimiz yoxdur. Hansı əsasla kəndin torpağı bu şəxsə icarəyə verilib? Bu qədər əhalini fikirləşən yoxdur? Belə getsə, 700 heyvandarlıq təsərrüfatı məhv olacaq. Çünki 4-5 kənd bu əraziyə bağlıdır. Əgər bu ərazi olmasa kəndlərin əhalisi acından batar...”, - sakinlər deyirlər.

Rəşad Şirinov

Kəndlilər iddia edirlər ki, qəbiristanlığa gedən yol da şirkət tərəfindən zəbt olunub. Bundan əlavə kənd sakinlərinin stadion kimi istifadə etdiyi ərazi və Kürün axmaz ehtiyat anbarı da zəbt olunaraq yerində balıq gölü yaradılıb: “Mal-heyvanımız bu yoldan gedirdi. 2018-ci ildə həmin ərazini kəndlilərin etirazına baxmayaraq, hədə-qorxu ilə sakinlərdən alaraq bu sahibkara verdilər. Camaat məcbur qalıb heyvanlarını təxminən iki kilometr uzaq məsafədən aparır”.

Şikayətçilər bildirirlər ki, sözügedən sahibkar vaxtilə sakinlərin istifadəsində olan gölü də mənimsəyib: “Mənim 60 yaşım var, 10 yaşımdan bu göldə balıq tuturam. İndi buranı zəbt ediblər. Dədə-babamız bizi buranın balığı ilə böyüdüb. Amma evimizin qabağında göl ola-ola biz gedib bazardan pul verib balıq alırıq...”, - kənd sakini deyib.

Sakinlər qeyd ediblər ki, problemdə təkcə şirkət deyil, həm də keçmiş icra başçısı Əhməd Muxtarov günahkardır. Ona dəfələrlə müraciət olunsa da, kəndlilərə örüş sahəsi verilməyib. Naəlac qalan kəndlilər bu dəfə yeni icra başçısı Rüstəm Xəlilovun qəbulunda olub lar. O isə problemi nəzrətə götürdüyünü və tezliklə həll olunacağını bildirsə də, hələ də, tədbir görülməyib.



“Red valley” şirkətinin Ziya adlı əməkdaşı isə sakinlərin iddiaları ilə razılaşmır. Onun sözlərinə görə, 2014-cü ildə 123 hektarlıq sözügedən ərazi Rəşad Şirinov tərəfindən 75 illik icarəyə götürülüb. Gələcəkdə isə bu ərazidə nar bağının salınması planlaşdırılır. Bununla da, 100-dən çox ailə həmin ərazidə işlə təmin olunacaq. Şirkət artıq yaxınlıqda bir neçə hektarlıq nar bağı salıb.

Şirkət rəsmisi bildirib ki, 2007-ci ildən bəri icarəyə götürülən 90 hektar ərazinin 20 hektar sahəsində balıqçılıq təsərrüfatı qurulub. Əvvəllər qamışlıq, bataqlıq olan göl təmizlənib. Ərazinin bütün sənədlər var və heç bir qeyri-qanuni iş görülmür. Həmin təsərrüfatda da 5-6 kənd sakini işləyir, maaş alır.



Lakin hacıqabullu kəndlilərin işi doğrudan da ağırdır. Ola bilsin R.Şirinovun şirkəti doğrudan da kəndlilərin bir hissəsini mövsümi işlə təmin edib onlara gündə 5-10 manat muzd verəcək. Amma əvəzində kəndlilərin il boyu dolanışıq mənbəyi olan heyvandarlıq məhv olacaq. Hansı ki, son vaxtlar rayonlarda örüş sahələrinin ayrı-ayrı sahibkarlara verilməsi nəticəsində heyvandarlıqda tənəzzül müşahidə olunur...

Qeyd edək ki, “Red Valley” şirkətinin rəhbəri Rəşad Şirinov 2018-ci ildə Kolumbiyada da nar bağı salıb. Mətbuatın yazdığına görə, 10 hektar ərazidə pilot layihə olaraq salınan nar bağında azərbaycanlı alimlərin yerli sortlardan seleksiya etdiyi “MinaŞirin” nar sortu yetişdirilir. Sahibkar bildirib ki, Kolumbiyada nar bağı salmaqda məqsəd aprel-avqust aylarında ölkədə nar yetişməyəndə oradan nar ixrac etməkdir.

Gülnar Əliyeva


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA