Güney Azərbaycanın Tikantəpənin (Təkab) bələdiyyə sədri Nasih Məhəmmədxani şəhərin turizm məkanlarından olan “Böyüktəpə”nin adını təhrif edib.
GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, əslən Divandərədən olan Məhəmmədxani radikal kürd qruplaşmalarının istəyi ilə bu məkanla bağlı yeni qeydlərində “Böyüktəpə” deyil, təkcə “Təpə” yazıb. Bu məsələ yerli əhalinin narazılığına səbəb olub.
Məhəmmədxani 2019-cu ilin may ayına qədər doğulduğu Divandərə şəhərində bələdiyyə sədri olmuş, daha sonra istefa vermişdi. Regionda fəaliyyət göstərən terrorçu kürd təşkilatları ilə sıx əlaqəsi olan Məhəmmədxani onlar tərəfindən istiqamətləndirilir.
Onun Tikantəpənin bələdiyyə başçısı təyin edilməsindən sonra şəhərdə yerli türklərlə mühacir kürdlər arasında gərginliklər artmaqdadır. Ötən il dekabrın 20-də Məhəmmədxaninin tərəfdarları olan kürdlərlə yerli türk əhali arasında qarşıdurma yaşanmış, nəticədə 116 nəfər polis tərəfindən saxlanmışdı.
Məhəmmədxani ötən ilin oktyabr ayında içərisində Pejak terror təşkilatının simvolları əks edilmiş dəf musiqi alətinin simvolunu hazırladıb, şəhərin Şərifabad küçəsində asdırmışdı. Şəhər əhalisinin etirazından sonra Pejak elementləri oradan çıxarılmışdı.
O, həmçinin 2019-cu ilin dekabr ayında şəhərin “Millət Bağı” bölgəsində uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançasında PKK terror təşkilatının bayrağını çəkdirmişdi.
Qərbi Azərbaycan Əyalətində uzun illərdir ki, kürdləşdirmə prosesi həyata keçirilir. İran rejimi bölgənin demoqrafik tərkibini dəyişdirmək məqsədi ilə müxtəlif yollarla radikal kürdlərə dəstək verir. Bu məsələ hər zaman güney azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.